Yunan Kiprində Azərbaycan vətəndaşı olan kişi və onun Estoniya vətəndaş qadın həyat yoldaşı İranın kəşfiyyat xidmətlərinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Phileleftheros” qəzeti məlumat yayıb.
Məlumata görə, saxlanılan 28 yaşlı azərbaycanlının mütəmadi olaraq İrana səfər etdiyi bildirilir. İstintaqın versiyasına görə, o, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən əməkdaşlığa cəlb olunmuş ola bilər.
Mənbələrin bildirdiyinə görə, Kipr xüsusi xidmət orqanları martın 2-də Britaniyaya məxsus hərbi obyektlərə qarşı həyata keçirilmiş pilotsuz aparat hücumu barədə əvvəlcədən məlumatlı olub. Planlaşdırılan hücum haqqında məlumat hadisədən bir neçə gün əvvəl əldə edilib.
Hüquq-mühafizə orqanları şübhəlilərin fəaliyyətində peşəkar kəşfiyyatçılara xas davranışlar müşahidə etdikdən sonra onları izləməyə başlayıb. Bildirilir ki, onlar Pafos, Limassol və Larnaka şəhərlərində müxtəlif obyektlərin fotoşəkillərini çəkiblər. Xüsusilə israillilərin tez-tez olduğu məkanlara diqqət yetirdikləri qeyd olunur.
Polis çəkilən fotoların üçüncü şəxslərə ötürülüb-ötürülmədiyini araşdırır.
Şübhəli ər-arvad adanı tərk etməyi planlaşdırdıqları vaxtdan az əvvəl saxlanılıb. Məhkəmə onların səkkiz gün müddətinə həbsinə icazə verib və şəxsi əşyaları ekspertiza üçün müsadirə olunub.
İstintaqın versiyasına görə, saxlanılanlar daha əvvəl Azərbaycan əsilli, lakin Britaniya pasportu daşıyan başqa bir şəxsi əməkdaşlığa cəlb etmiş eyni şəbəkə ilə əlaqəli ola bilərlər. Həmin şəxs 2025-ci ilin iyun ayında Kiprdə hərbi bazalar haqqında məlumat toplamaqda ittiham olunaraq saxlanılmışdı.
Qeyd edək ki, bu yaxınlarda Kiprdə daha bir Azərbaycan vətəndaşı İrana casusluq şübhəsi ilə həbs olunmuşdu.
Cavid, BakuPost