Ru
12:03 / 22 Noyabr 2025

Təcili yardım çağırışa niyə yubanıb? - TƏBİB-dən açıqlama

Təcili yardım çağırışa niyə yubanıb? - TƏBİB-dən açıqlama
Eye

Xəbər verdiyimiz kimi, Yasamal rayonunda vəziyyəti kəskinləşən 73 yaşlı xərçəng xəstəsi Nailə Fətullayevaya çağırılan təcili tibbi yardım briqadası hadisə yerinə bir saatdan artıq gecikib.

Məsələ ilə bağlı TƏBİB-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 19-u saat 12:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən arterial təzyiqinin yüksəlməsi səbəbilə çağırış qeydə alınıb və saat 13:45-də təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb:

"Təcili tibbi yardım briqadası tərəfindən 72 yaşlı şəxsə (qadın) yerində ilkin tibbi xidmət göstərilib və tibb müəssisəsinə təxliyəsinə ehtiyac yaranmayıb.

Qeyd edək ki, Yasamal rayonu üzrə 12 saatlıq iş rejimində ümumilikdə 12 ambulans briqadası fəaliyyət göstərir. Bundan əlavə, arterial təzyiq ilə bağlı müraciətlər təxirəsalınmaz çağırış kateqoriyasına aiddir və azad briqada olmadığı halda, 1 saat ərzində icra oluna bilər".

***
19 noyabr, 15:06

Yasamalda vəziyyəti ağırlaşan xərçəng xəstəsi, 73 yaşlı Nailə Fətullayeva üçün çağırılan təcili tibbi yardım bir saatdan çox gecikib.

Bu barədə Bakupost.az -a xəstənin yaxınları şikayət ediblər.

Onların sözlərinə görə, Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsində yaşayan yaşlı qadının vəziyyəti pisləşdiyi üçün saat 12:36-də təcili tibbi yardıma zəng edilib. Lakin uzun müddət briqada ünvana gəlməyib.

N.Fətullayevanın yaxınları bildiriblər ki, növbəti zəng zamanı onlara briqadanın həmin ərazidə başqa xəstə ilə məşğul olduğu, yalnız işi bitirdikdən sonra gələ biləcəyi deyilib:

“Vəziyyətin kritik olduğunu deyib başqa həkim göndərilməsini xahiş etdik. Lakin “başqa maşın yoxdur” dedilər. Briqada ünvana yalnız 1 saat sonra – saat 13:40-da gəlib”.

Şikayətçilər iddia edirlər ki, gecikməyə səbəb kimi onlara həkim çatışmazlığı göstərilib:

“Dedilər ki, TƏBİB həmin ərazi üzrə 10 həkim təyin etməli olduğu halda cəmi 5 həkim təyin edib, biz 5 nəfər 10 həkimin yerinə işləyirik, ona görə də gecikmələr olur”.

Xəsətinin yaxınları qeyd ediblər ki, o, kimya terapiyasından yeni çıxıb, vəziyyəti qəfil ağırlaşıb və qaytarmağa başlayıb:

“Gəlib ölçdülər, təzyiqi 180-ə qalxmışdı. Belə gecikmələrdən adam xəstəsini itirə də bilər”.

Şikayətçilər əlavə ediblər ki, təcili tibbi yardım bundan əvvəlki müraciət zamanı da çağırışa çox gec gəlib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar