Ru
15:40 / 27 Fevral 2020

"Onların dəyişməyən tək arzuları olur: "Şəhidlik!"

6201
Fəqan Muxtarlı

Hər kəs bu yazını sona qədər oxusun, çünkü çox vacibdir. Ən əsası valideynlər!

Bir şeyi başa düşmürsüz ki:

"Komandir deyir: "Əsgər bala, postda siqaret çəkmə! Düşmənin hədəfi olarsan"...

Komandir deyir: "Əsgər bala, posta qayıdarkən yol uzun olsa belə təyin olunmuş marşrutdan yolu qısaltmaq üçün çıxma! Düşmənin hədəfi olarsan"...

Komandir deyir: "Əsgər bala, postda olarkən kaska və bronjiletini ağır olduqlarına görə, narahat olduqlarına görə çıxartma! Düşmənin hədəfi olarsan"...

Komandir deyir: "Əsgər bala, nə olur olsun postda yatma! Düşmənin hədəfi olarsan"...

Komandir deyir: "Əsgər bala, telefon istifadə etmə, posta isə qətiyyən telefon aparma! Başın qarışar düşmənin hədəfi olarsan"...

Komandir deyir: "Əsgər bala, qışqırsam da, kobud desəm də, yüngülvari təhqir etsəm də, inan ki, sənin ailənə, yolunu gözləyən nigaran anana sağ-salamat qovuşmanı, təxris olmanı istədiyim üçün edirəm. Əvvəla sənin sağ qalmağın, sağ-salamat evinə qayıtmağın mənim başımın ucalığıdır. Əgər sənə bir şey olsa, mənim barəmdə cinayət işi qaldırıla, həbs oluna, rütbədən-vəzifədən vurula, işimdən ola bilərəm. Bu günə qədər Vətənim üçün, ailəm üçün qüsursuz xidmət etmişəm. Sən bu xidməti heç etdirəcək bir iş görmə. Əvvəla özünə, sonra ailənə-anana-atana-sevənlərinə, daha sonra isə mənə görə etmə. Nizamnamədə sənin pisliyin üçün heç bir müddəa yoxdur. Əksinə nizamnamə üzrə xidmət tələb etmək, xidmət etmək sadəcə və sadəcə sənin sağ qalmağın, problemsiz xidmət etməyin, mənim də qüsursuz xidmət etməyim, əsgərimin sağ qalması, salamat olması üçün vacibdir. Əsgər bala, insan hər səhvi edə bilər, amma həyatıyla heç vaxt qumar oynaya bilməz. Əgər həyatınla qumar oynasan, uduzacaqsan".

Uşaq ailədə 18 ildə tərbiyə görmürsə, hər cür yaramazlığı edirsə, ərkəsöyündürsə, xidmətə gələndə başına bir iş gəlsə, 18 ildə övladına tərbiyə verə bilməyən valideynlər komandirdən haqq-hesab tələb edir, 18 aylıq xidməti dövründə övladını onlara tapşırdığını və niyə ona sahib çıxmadığını soruşurlar. Komandir neyləsin axı? Onun xidməti dönəmində hər çağırışda onlarla, yüzlərlə əsgər gəlir. Onların hər birini bir-bir tərbiyə etsə belə 18 ildə evdə tərbiyə görə bilməyən övlada komandir 18 ayda heç vaxt tərbiyə öyrədə bilməz. Ona görə də, əziz valideynlər, övladınızı 18 il doğru-dürüst tərbiyə edin ki, sonda haqqını komandirindən ala biləsiniz. Əgər komandir səhvdirsə, ondan qanun qarşısında cavab verməsi üçün əlinizdən gələni əsirgəməyin.

Şərəfli və ləyaqətli komandir 18 ayda əsgərin həm anasıdır, həm atasıdır, həm qardaşıdır, həm əmisi, həm də dayısıdır. Çünkü əsgər xidməti dövründə bütün sıxıntılarını, dərdini ona danışmalıdır. Yardımı ondan istəməlidir. Yaxşı komandir istəməz ki, əsgəri xəstələnsin (ana da belədir). Yaxşı komandir istəyər ki, əsgəri düzgün qidalansın, normal yemək yesin (ana da belədir). Yaxşı komandir istəyər ki, əsgəri düzgün, vaxtında yatsın, vaxtında dursun (ana da belədir). Yaxşı komandir istəyər ki, əsgəri sağlam, tərbiyəli olsun (ana da belədir ). Komandir istəyər ki, əsgəri pis işlərlə məşğul olmasın (ata da belədir). Komandir istəyər ki, əsgərin nə sıxıntısı olsa, ona desin (ata da belədir).

Belə misallar çoxdur. Ən əsası komandir əsgərə böyük qardaş, dayaq olur.

Bütün hərbçilər başımızın tacı, gözümüzün nurudur. Onların dırnağına daş dəydikdə, bizim bağrımız yanır. Komandirlərə mütləq Şəhid olduqdan sonramı qiymət verməliyik?! Axı sağ ikən yaşayan qəhrəmanlarımıza qiymət verərək, onlara sevildiklərini, bizim üçün xüsusi olduqlarını niyə hiss etdirməyək ?! Bizim üçün ailəsini, sevdiklərini, anasını, atasını, ən əsası "azadlığını" qurban verən bu igidləri sevin, daha çox sevin. Çünkü onlar postdan, səngərdən, hərbi formadan, silahdan başqa bir şey görmürlər. Adi bir formanı təqaüdə çıxana, yaxud şəhid olana qədər geyinirlər. İllərlə dəyişmir bu qayda. Bir də dəyişməyən bir arzuları olur: "Şəhidlik!"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər