Dünən Tehranda İran-Avrasiya Araşdırmaları İnstitutunda (İRAS) Ermənistanın İraadakı səfiri Qriqor Akopyanın iştirakı ilə görüş keçirilib. Tədbirdə institutun direktoru Davud Kiani, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi, eləcə də Qafqaz və regionşünaslıq üzrə bir qrup tədqiqatçı və ekspert iştirak edib.
Bakupost.az xəbər verir ki, görüşdə Qafqaz regionunda gedən son proseslər, Tehran-İrəvan ikitərəfli münasibətləri, gələcək əməkdaşlıq imkanları və İRAS İnstitutu ilə Ermənistan səfirliyi arasında elmi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
İRAS direktoru Davud Kiani iki ölkə ziyalıları arasında qarşılıqlı anlayışın dərinləşdirilməsi və beyin mərkəzləri arasında fikir mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı ekspertlər Qafqazda təhlükəsizlik vəziyyəti, geosiyasi proseslər, eləcə də İran-Ermənistan əlaqələrinin gələcək istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Mehdi Sənayi çıxışında Ermənistanı İranın Avrasiya İqtisadi İttifaqına və region bazarlarına çıxış nöqtəsi kimi dəyərləndirib.
Cavid, BakuPost