Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var? - VİDEO
449
Bildirilir ki, bəzi çörəklərin tərkibinə məhsulun daha uzun müddət saxlanılmasını təmin etmək və kiflənmənin qarşısını almaq üçün xüsusi qatqılar əlavə olunur.
Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
İddialara görə, bu maddələrin tez-tez və normadan artıq istifadəsi müxtəlif sağlamlıq problemlərinə, hətta bəzi hallarda xərçəng riskinin artmasına səbəb ola bilər.
Bəs görəsən, çörəklərin tərkibinə hansı maddələr qatılır? Bu maddələr, həqiqətənmi, insan sağlamlığı üçün təhlükə yaradır?
Qida üzrə mütəxəssis Seymur Qafarov belə deyir: "Piştaxtalarda apardığımız araşdırmalar zamanı çörək məhsullarının hətta 100 günə qədər paketlənmiş vəziyyətdə qala bilən növlərinə rast gəlinib. Bu, əlbəttə ki, çörəyin uzun müddət saxlanılması, xarab olmaması və keyfiyyətini itirməməsi üçün tərkibinə bir sıra qatqı maddələrinin əlavə olunmasını tələb edir. Bu maddələr arasında konsentratlar, emulqatorlar və stabilizatorlar yer alır. Avropa Birliyi tərəfindən qəbul edilmiş və insan sağlamlığına təhlükə yaratmayacaq kodlar altında bu maddələr birləşdirilir. Lakin qatqı maddələrinin miqdarının artıq istifadəsi insan sağlamlığına zərər verə bilər. Həmçinin bu, məhsulun keyfiyyətinin pisləşməsinə və təhlükəsizlik standartlarının pozulmasına səbəb ola bilər".
Mütəxəssislər bildirirlər ki, qida məhsullarında istifadə olunan hər bir maddə müəyyən norma çərçivəsində tətbiq olunmalıdır. İstehlakçılar isə məhsul alarkən qablaşdırmanın üzərində göstərilən tərkib məlumatlarına diqqət yetirməli və mənşəyi məlum olmayan məhsullardan uzaq durmalıdırlar.