Ru
14:46 / 18 Sentyabr 2025

Qaçqın-köçkünlər Bakıdan əl çəkmir: sayı 3 milyonu ötüb

Qaçqın-köçkünlər Bakıdan əl çəkmir: sayı 3 milyonu ötüb
Eye

Bu gün ölkədə əsas müzakirə olunan məsələ məcburi köçkünlərin öz yurdlarına qaytarılması, bəzilərinin illərlə yaşadıqları, zəbt etdikləri evlərin geri alınmasıdır. Qarabağ dirçəlir, dağılan kəndlər, şəhərlər bərpa olunur və köçkünlər geri qaytarılır. Yəni indi müzakirə edilən məsələ yaxın aylarda, illərdə həllini tapacaq. Amma unuduruq ki, Bakı təkcə vaxtilə işğal olunmuş torpaqlardan məcburi köçkün düşmüş insanların sığındığı yer deyil. Paytaxt bu gün bütün rayonlardan şəraitsizlik, işsizlik, susuzluğun qovduğu insanlarla doludur və onların sayı hər gün artır...

Ölkədə əslində daha böyük köçkün ordusu var – illərdir səssiz-sədasız Bakıya köçənlərin ordusu. Onlar kiminsə boş evinə girməsələr də, Bakının yollarına, havasına, suyuna, parkına, məktəbinə, xəstəxanasına sığınırlar, kimlərinsə yerini tuturlar, şərik olurlar. Çünki başqa yolları yoxdur, onlara seçim imkanı verilməyib.

Hökumət bir tərəfdən iş yerlərinin açılmasıyla bağlı böyük rəqəmlər açıqlayır, iş yerlərinin açılmasını təşviq edir, digər tərəfdən regionlarda demək olar ki, bütün qapılar bir-bir bağlanır. Məktəblər yavaş-yavaş yoxa çıxır, qalanlarının müəllimlərinin bir hissəsi sertifikasiyadan kəsilir (Təhsil Nazirliyinin hesabatına görə, sertifikasiya imtahanlarında müəllimlərin azı 30%-i işdən kənarlaşdırılıb).

Dövlət qurumlarının rayonlardakı şöbələri birləşdirilib, bələdiyyələr ixtisara salınıb (Bələdiyyələrin sayı 1600-dən 800-ə endirilib), pensiya alanların sayı minimuma endirilib…

Rayonlarda dolanmaq, yaşamaq, mövcud olmaq üçün şərait get-gedə yoxa çıxır.

Heyvandarlıq getdikcə azalır, çünki örüş yerlərini kimlərsə zəbt edib pambıq əkir, yaxud digər məqsədlər üçün istifadə edir, arxlar, kanallar, çaylardan vurulan sular onların sahələrini suvarır.

Allah da bir tərəfdən kəsir – əksər rayonda su tapılmır. İnsanların son ümid yeri olan təsərrüfatları su qıtlığından məhv olur.

Susuz kənddə təsərrüfat olar? İşsiz-gücsüz, gün-güzəranı olmayan, ümidini itirmiş adam niyə qalsın o torpaqda?

Nəticə göz qabağındadır: kəndlər boşalır, şəhər dolur.

Şəhər deyəndə Azərbaycanda Cəlilabad, Qusar, Qax nəzərdə tutulmur ki! Sanki bu ölkədə bircə şəhər var – Bakı!

Bakı bu qədər yükü necə daşısın?

Dövlət büdcəsi hesabına ən ucqar kəndlərdə tikilən məktəblər indi məcburən bağlanır! İstehsalat yox, əkin-biçin məhdud, heyvandarlıq imkanları azalır, rəsmi qurumların bölgədəki şöbələri ixtisar edilir, məktəblər bağlanır və müəllimlər işsiz qalır... Kəndə, rayona əhalini bağlayan, onları məşğul edən nə qalır?

Axırı hara gedir bunun? Bu, sadəcə demoqrafik problem deyil, ölkənin gələcəyinə, təhlükəsizliyinə, ərzaq təminatına, sosial sabitliyinə yönəlmiş real təhlükədir.

Qarabağ köçkünlərini torpaqlarımızı azad etməklə yurdlarına qaytarırıq.

Bəs digər rayonlardan səriştəsizlik və biganəlik ucbatından qaçqın-köçkün vəziyyətinə salınan insanları necə qaytaracağıq?

Əslində problem Bakının dolması deyil. Bu, sadəcə, nəticədir. Əsas problem rayonların sürətlə boşalmasıdır. Bu, səbəbdir. Və səbəb aradan qaldırılmalıdır. Onda Bakı da rahat nəfəs alacaq.

Elçin, BakuPost





Şərhlər
  • Söhbət Üstünov

    Ən sadə ricanı, işi icra etmək, ya predmeti düzəltmək üçün öncə ona olan bütün tələbləri, əsas parametr-ölçüləri bilmək-dəqiqləşdirmək gərək. Deport, ya hərbi genosid genosid cinayətlərində faciə-cinayət əsas rəqəmləri doğma yuvası-mülkündən çıxarılmış ailələrin və həlak olmuşların sayı, təbii ki, kütləvi cinayətin çoxsaylı (kütləvi də) cinayətkarlarının sayı dəqiq statistika tələb edir ki, *qəhrəman*-cinayətkar da, günahsız həlak olan da, illərlə doğma ocaqsız-yuvasız unudulub, kənarda qalmasın? İllər keçdikcə təbii təkamüllə belə (hər 20 ilə) qaçqın ailələrinin sayının azı iki-üç dəfə artması gözlənilən ən azı dərin iqtisadi faciə olmasa da, aciz çarəsizlikdi? Günə azı beş on yumurta yığan, beş-on litr süd sağan milyon ailə 1987-1992ci illərdə yaratdığı həmin minimumdan terrorla kənarlaşdırmışdı? Həmin üç milyondan çox ailəni bu gün də belə tam anlamayan humanistlər var və pioner kimi hər təminat və tədbirə hazırıq vədləri, elə BMT TŞnın operativ həll qətnaməsi kimi səslənir? Öncə, digər vətəndaşların mənzilində məskunlaşdırılanların təzminat və yerləşdirilməsi məsləhət deyilmi ki, qarşıdurma olmasın?

  • Əli

    Bəlkə bir ağıllı adam tapıla bir normal iqtisadi siyasət təklif edər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar