Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Türkiyədə doğum səviyyəsinin kəskin azalmasının ciddi təhlükə yaratdığını bildirərək, ailə institutunun qorunması üçün çalışan analara xüsusi güzəştlər tətbiq olunmasını təklif edib.
Bakupost.az xəbər verir ki, Destici bu fikirləri partiyasının Çanaqqala Bələdiyyəsi Konqres Salonunda keçirilən qurultayında səsləndirib. O, əhalinin artım tempindəki azalmanı uzunmüddətli perspektivdə ölkənin demoqrafik təhlükəsizliyi üçün risk kimi dəyərləndirib.
BBP sədri çıxışında Türkiyədə orta uşaq sayısının 1,4 səviyyəsinə qədər düşdüyünü vurğulayaraq, bunun davam etməsinin milli struktur üçün ciddi problemlər yaradacağını deyib: “Ailə institutumuz çatlayır. Əhalinin azalması bir millət üçün ən böyük təhlükələrdən biridir”.
Ailə dəyərlərinə toxunan Destici bəzi mədəni və sosial təsirlərin gəncləri evlilikdən uzaqlaşdırdığını, ailə qurmaq əvəzinə evlilikdənkənar həyat tərzinin təşviq edildiyini iddia edib. Onun sözlərinə görə, bu proses cəmiyyətin əsas dayaqlarına zərbə vurur.
Çalışan analarla bağlı konkret təklif irəli sürən BBP sədri evli və uşaq sahibi olan qadınların işə 1 saat gec başlaması və 1 saat tez çıxması üçün hüquqi tənzimləmə aparılmasını təklif edib. O, bunun həm ailə həyatını asanlaşdıracağını, həm də doğum göstəricilərinə müsbət təsir edəcəyini qeyd edib.
O, eyni zamanda hər uşaq üçün minimum 5 min lirə (təxminən 200 manat) maddi dəstək verilməsini, çalışan analar üçün isə bağça və körpələr evi imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Körpələr məsələsinə ayrıca toxunan Destici, həm dövlət, həm də özəl sektorda kifayət qədər qadın işçi çalışan müəssisələr üçün körpələr evi açılmasının məcburi olmasını təklif edib. Bu imkan olmayan bölgələrdə isə dövlət tərəfindən ortaq uşaq baxım mərkəzlərinin yaradılmasının zəruri olduğunu bildirib.
BBP sədri kirayədə yaşayan və məktəb yaşlı uşaqları olan ailələrə əlavə maliyyə dəstəyinin göstərilməsinin də çoxuşaqlı ailə modelini təşviq edəcəyini qeyd edib.