Ru
11:06 / 20 Yanvar 2020

Qara yanvar - 30 yaşlı dərdim mənim ...

6001
70 illik imperiya zülmünə qarşı çıxıb, öz müsəqilliyinə can atan xalqın qan yaddaşı...

Abbasov Sabir, Həsənov Əli , İbrahimov İlqar, Məmmədova Larisa, İlham və Fərizə, Oqtay Kərimov, Babayeva Sürəyya, Bədəlov Rövşən... Uzun- uzadı yaza biləcəyim 147 can, 147 şəhid. Sadaladıqlarım bu gün tarixi 30 ilə dayanan Şəhidlər Xiyabanının "sakinləri", hər dəfə addım-addım irəlilədikcə mərmər məzarlardan qeyri-ixtiyari oxuyub səsləndirdiyim adlardan bir neçəsidir. Onlar azadlığın mübarizə və qanla alına biləcəyinin ən bariz nümunəsini tarixə yazanlardır.


O tarix ki, indi bizi ağrıtmaqdan daha çox qürur verir. Haqqında kitablar, əsərlər, şeirlər yazılır.
Oxuduqlarımı, danışılanları, yazılanları xəyalımda canlandıra bildiyim ən real yerdi bura. Qış fəsli, külək, şaxta və Bakının ən soyuq yerlərindən biri, ürəyimi qızdıran ən isti yerə çevrilə bilərmiş.

Soyuq, şaxtalı yanvarı qanları bahasına isitdi xalqım.

Bəli... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet qoşunları və onların havadarlarından ibarət qüvvələrinin Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi. Bu başqaları üçün yalnız insanın insana qarşı edə biləcəyi vəhşiliyin, amansızlığın, terrorun, qaniçən hakimiyyətin iç üzünün göstəricisi idisə, ölkəmiz, xalqımız üçün mübarizlik yolunda atdığı addımlardan biri idi.

Xiyabanın bu başından, o başına gedərkən düşünürdüm.

"Çünki bu addım nə ilk idi, nə də son".

Başını alan qara buludlar xalqıma hələ 31 mart 1918-ci ildən tanış idi. Bakıda başlayan soyqırımı ətraf rayonlardan da yan keçməmişdi. Nəticədə 12 minə yaxın insan soyqırımının qurbanı olmuşdu. Bəs 31 mart 20 yanvarla bitmişdimi? Ruhu mübarizə ilə yoğrulan xalqın faciəsi sona çatmışdımı? Hələ onun 1992-ci il 26 fevralda soyqırımına məruz qalan Xocalısı var. 1998-ci ildə başlanan Qarabağ döyüşləri var, şəhid verdiyi minlərlə igidləri var.

Hər faciə bir başqa cür yazılırdı tarixə. 20 Yanvar faciəsi də tək amal uğrunda əliyalın insanların tankların qarşısına sipər olması, qorxmadan, çəkinmədən ölümə gözü açıq addımlaması kimi qalıb yaddaşımızda. İnsanlar nə istədiklərinin, kimlərdən və necə istədiklərinin fərqində idi. Lakin qorxmadan bir əqidə uğurunda sona qədər müqavimət göstərdilər. Təbii ki, mübarizənin fərqində olmadan iştirakçısına çevrilən qurbanlar da vardı. Elə 13 yaşlı məktəblilər Larisa və İlqar kimi..

Lakin şübhəsiz ki, 70 illik imperiya heç zaman öz qarşısında bu qədər güclü müqavimət görməmişdi. Bu müqavimət illərlə azadlığı əlindən alınıb, haqq səsi boğulan digər xalqlar üçün də təkan oldu. Çünki hər şey imperiyanın planladığı kimi baş vermədi. Uzun illər müxtəlif xalqları müti köləsi halına çevirən imperiya öz qarşısında belə birlik, azadlıq eşqli, möhkəm iradəli xalq kütləsi görməmişdi.

Tanklar, silahlar gücünə törətdiyi qırğının zahiri qələbəsi, daxildə bütöv bir xalqın qarşısındakı məğlubiyyətini gizlədə bilməmişdi. Elə bu məğlubiyyətdən sonra da dağılmağa məhkum olan imperiya layiqli sonunu yaşadı.

Hələ də düşünürdüm. Bu qədər insan, fərqli həyat hekayələri, kim bilir qurulmuş nə qədər arzu, yaşamaq eşqi...
Amma bir gecədə öz həyatları üzərindən xətt çəkib, xalqın taleyini düşünmək. Bu qədər yarıda qalmış yaşam, lakin bir o qədər də tarix yazıb yaddaşlarda qalmaq. Bu ki, hər kəsə nəsib olmur.

Hər dəfə rahatlıqla gəzib, Dağüstü parkdan açılan Bakının möhtəşəm mənzərəsini heyranlıqla izləyirəm. Məni bura çəkən özləri əbədiyyət yuxusunda, ruhları bu xiyabanda dolaşan şəhidlərin mübarizə tarixi, vətən sevgisidir.
Bura mübarizə qoxusu, azadlıq eşqidir. Elə buna görə də, bizim mübarizəmizi yarıda qoymağa, qürurlu tariximizi unutmağa haqqımız yoxdur. Axı keçmişini, özünü, amalını unutmayanlarındır bu Vətən!

Elə istiqlal şairi Xəlil Rza Ulutürkün "Azadlıq Gülüstanı" şeirində dediyi kimi, Dağüstü park -Aləmin azadlıq dastanısan:


Məzarlar xonça-xonça, məzarlar gül sərgisi,
Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.

Üçcə günün gəlini Çoban qızı Fərizə,
Əjdər oğlu İlhamı fələk çox gördü bizə.

Min il, bəlkə daha çox yatarsınız göz-gözə.
Yan-yanaşı, üz-üzə.

Cərgədən ayrı düşmüş Əziz qızı Salatın,
Bir bülbül ömrü imiş sənin yığcam həyatın.

Məzarlar gül beşiyi... Zülallı İsfəndiyar,
Övladısan, bağrına basmış səni bu diyar.

Nəsib oğlu Sahibim, 31 yaşlı balam,
Dinc uyu, vüqarımsan, ey mənim polad qalam!

Vaqif oğlu Mahirim, iyirmi üç yaşlı gəncim,
Boz torpağa bükülmüş parlaq dürdanəm, incim.

Ruhun başın üstündə sərvlərlə boyaboy,
Rahat uyu, əzizim, Zahid Bayram Əlisoy.

1918... uzaq mart qurbanları
Nasıl tapmış doxsanda qüruba varanları?

Haçan, harda gəzirəm... bu yeri dürüst tanı -
Dağüstü park - aləmin Azadlıq dastanı.


Afaq Rza
BakuPost.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər