İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin əhatə dairəsi genişləndirilib. Yeni dəyişikliklərlə dərman istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrə dəstək nəzərdə tutulur.
İqtisadçı
Eldəniz Əmirov “Bakupost”a işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün kifayət qədər dəstək mexanizmlərinin tətbiq olunduğunu bildirib.
Onun sözlərinə görə, hətta dünyada misli görünməmiş dəstək mexanizmləri yaradılıb və bu ərazilər “güzəştlər vadisi”nə çevrilib.
“Bundan sonra hansı dəstək ola bilər ki? Sadəcə olaraq, orada fəaliyyətə başlanılması üçün təsərrüfat subyektləri ilə bağlı proseslər bir qədər sürətləndirilsə, bu, ümumi iqtisadi inteqrasiyanı daha da sürətləndirər. Amma kifayət qədər güzəştlər var və sahibkarlar üçün orada yetərincə imkanlar yaradılıb”.
E.Əmirov qeyd edib ki, mövcud güzəştlər istehsal xərclərinin azalmasına və məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə real təsir göstərir.
Onun sözlərinə görə, güzəştlər sahibkarların xərclərini azaldır, xərclərin azalması isə məhsulun maya dəyərinin aşağı düşməsinə və rəqabət qabiliyyətinin artmasına səbəb olur.
İqtisadçı işğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması üçün potensialı yüksək olan sahələrə də diqqət çəkib. O bildirib ki, qeyri-neft sektoru üzrə sənaye məhsullarının, xüsusilə tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, aqrar sektor üzrə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması potensialı da kifayət qədər yüksəkdir.
Vüsalə Hüseynova,
BakuPost