İşğal olunmuş Krımda qanunsuz arxeoloji fəaliyyətlər aparmaqda ittiham edilərək axtarışa verilmiş Rusiya vətəndaşı Aleksandr Butyaginin Varşavada saxlanılması və onun Ukraynaya ekstradisiyası təkcə fərdi bir hadisə deyil. Bu proses Rusiyanın beynəlxalq hüququ sistematik şəkildə pozmasına qarşı mühüm sınaq olmaqla yanaşı, presedent yarada biləcək ciddi bir hüquqi mərhələ kimi qiymətləndirilir.
“State Hermitage Museum”in əməkdaşı olan A.Butyagin 11 dekabr 2025-ci ildə Hollandiyadan Balkanlara səfər edərkən Varşava hava limanında Polşanın Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb. Daha sonra Polşa məhkəməsi prokurora ifadə verməkdən imtina edən “alim”in barəsində 40 günlük həbs qətimkan tədbiri seçib. 12 yanvarda isə Butyaginin həbs müddəti uzadılıb. Varşava Regional Məhkəməsi ekstradisiya prosesinin maneəsiz aparılması üçün onun həbsdə saxlanılmasını zəruri hesab edib.
Moskva niyə narahatdır?
Varşava Regional Prokurorluğu Butyaginin Ukraynaya ekstradisiyasını dəstəkləyib. Ekstradisiyanın hüquqi baxımdan mümkün olub-olmaması 15 yanvar, cümə axşamı keçiriləcək növbəti məhkəmə iclasında müzakirə ediləcək. Məhkəmə qərarından sonra, son qərarı Polşa ədliyyə naziri verəcək.
Əlbəttə ki, bu proses Moskvanın sərt reaksiyasına səbəb olub. 13 yanvarda Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moldovadakı səfirini çağıraraq rəsmi etiraz notası təqdim edib və Butyaginin Ukraynaya ekstradisiyasına qarşı “xəbərdarlıq” edib. Kreml bu işi ictimaiyyətə “elmi fəaliyyətə qarşı təzyiq” kimi təqdim etməyə çalışsa da, bu arqument beynəlxalq hüquq baxımından ciddi boşluqlarla zəngindir.
Rusiya tərəfinin bilərəkdən görməzdən gəldiyi əsas məqam Krımın beynəlxalq hüquqa əsasən Ukraynaya məxsus ərazi olması və yalnız müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilməsidir. Bu status BMT Baş Assambleyasının qəbul etdiyi çoxsaylı qətnamələrlə açıq şəkildə təsdiqlənib.
Həm Qarabağda, həm də Krımda işğalçı tərəfin əsas strategiyalarından biri “normal həyat” görüntüsü yaratmaq olub. Qarabağda bu, uzun illər ərzində qeyri-qanuni iqtisadi fəaliyyətlərin “yerli idarəetmə” pərdəsi altında aparılması ilə müşahidə edilirdi. Krımda isə eyni yanaşma “federal subyekt”, “elmi fəaliyyət”, “mədəni araşdırma” terminləri ilə həyata keçirilir.
Region üçün tanış bir mənzərə…
Bu kontekstdə Ukrayna dövlətinin icazəsi olmadan işğal olunmuş Krımda aparılan istənilən arxeoloji qazıntılar və oxşar fəaliyyətlər beynəlxalq hüquqa görə qanunsuzdur. Haaqa və Cenevrə Konvensiyalarına əsasən işğalçı dövlətlərə işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparmaq, mədəni sərvətləri ələ keçirmək və ya mədəni irsə zərər vura biləcək fəaliyyətlərlə məşğul olmaq qadağandır.
Əlbəttə ki, bu yanaşma region üçün tanış bir mənzərəni xatırladır. Bir vaxtlar işğal altında olan Qarabağda rus şirkətlərinin faydalı qazıntıları istismar etməsi ilə bağlı illərlə səsləndirilən iddialar da oxşar ritorika ilə ört-basdır edilirdi: “İqtisadi fəaliyyət”, “investisiya”, “inkişaf”. Bu işdə hazırda Bakı həbsxanasında “mürgü döyən” Ruben Vardanyanın da xidmətləri az olmayıb. O, Rusiya vətəndaşlığından imtina etdib Qarabağa yerləşdikdən sonar həm öz şirkətləri, həm də rus oliqarx dostları vasitəsi ilə Qarabağ yataqlarını “şumlayıb”.
İşğal altında olan Qarabağda faydalı qazıntı yataqlarının istismarı ilə bağlı iddialar illərlə beynəlxalq hesabatlarda yer aldı. Vardanyan və digərləri buna əhəmiyyət vermədi. Əlbəttə ki, burada əsas problem yalnız resursların çıxarılması deyildi. Əsas məsələ həmin fəaliyyətlərin Azərbaycan dövlətinin razılığı olmadan, beynəlxalq hüquqa zidd şəkildə aparılması idi.
Krım nümunəsində diqqətçəkən əsas məqamlardan biri akademik şəxslərin ön plana çıxarılmasıdır. “Alim”, “tədqiqatçı”, “muzey əməkdaşı” statusu siyasi məsuliyyəti kölgədə qoymaq üçün istifadə edilir. Qarabağda isə oxşar rolu “biznesmen”, “investor”, “şirkət nümayəndəsi” oynayırdı. Hər iki halda fərdlər və qurumlar işğalın siyasi nəticələrindən faydalanan alətlərə çevrilirdi.
Qarabağ-Krım paralelliyi: Eyni mexanizm, lakin fərqli adlar
Qarabağ işğal altında olduğu illərdə birbaşa mədən çıxarışı əsasən Ermənistan mənşəli şirkətlər tərəfindən aparılırdı. Lakin proses bununla məhdudlaşmırdı. Araşdırmalar göstərir ki, Rusiya kapitalı və Rusiya ilə əlaqəli strukturlar bu fəaliyyətlərə maliyyələşmə, logistika və texniki dəstək səviyyəsində sistemli şəkildə qoşulurdu.
Krımda isə mexanizm forma baxımından dəyişsə də, mahiyyətcə eynidir. Burada birbaşa istismar çox vaxt Rusiya dövlətinə yaxın və ya dövlətlə əlaqəli şirkətlər vasitəsilə aparılır. Fərq ondadır ki, Krımda “iqtisadiyyat” sözü ikinci plana çəkilir, onun yerini “elmi araşdırma”, “tarixi bərpa” və “federal proqramlar” tutur. Lakin əsas oxşarlıq dəyişmir: çıxaranın kimliyi ikinci dərəcəlidir, əsas məsələ legitim sahibin - yəni Azərbaycan və Ukrayna dövlətlərinin razılığının olmamasıdır.
Krımda oxşar funksiyanı “Rosgeo” yerinə yetirir. Dövlətə məxsus bu geoloji holdinq yarımadada “yeraltı sərvətlərin öyrənilməsi” adı altında genişmiqyaslı araşdırmalar aparır. Faydalı qazıntılar, su ehtiyatları və enerji potensialı üzərində qurulan bu nəzarət Ukraynanın razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa görə qanunsuz sayılır. Qarabağda “mədən istismarı”, Krımda isə “geologiya tədqiqatı” adlandırılan bu fəaliyyətlərin hüquqi mahiyyəti eynidir.
Maliyyə zəncirində də oxşar paralellər var. Qarabağda mədən və infrastruktur layihələrinin maliyyələşməsində “VTB Bank” kimi qurumların adı tez-tez hallanırdı. Bank birbaşa faydalı qazıntı ilə məşğul olmurdu, lakin çıxarışı mümkün edən maliyyə mühiti yaradırdı. Krımda isə bu rolu “Sberbank” oynayır. İşğaldan sonra yarımadada fəaliyyətə başlayan bank sənaye, tikinti, logistika və “inkişaf proqramlarını” maliyyələşdirir. Yəni pul birbaşa torpaqdan çıxmır, amma torpağın talanını mümkün edir.
Logistika sahəsində paralellik daha da açıqdır. Qarabağda Ermənistanla işğal olunmuş ərazilər arasında yük daşımaları uzun illər “Russian Railways” ilə əlaqələndirilirdi. Krımda isə eyni qurum Krım körpüsü və yarımadanın Rusiya iqtisadi sisteminə inteqrasiyasında əsas rol oynayır. Resursların daşınması, ixracı və sənaye dövriyyəsi bu infrastruktur üzərindən həyata keçirilir. Bu, bir daha göstərir ki, logistika neytral mexanizm deyil, o, işğalı faktiki iqtisadi reallığa çevirir.
Qarabağdakı iqtisadi pərdənin Krımdakı akademik versiyası…
Maraqlıdır ki, Qarabağ dövründə proseslərin üzərində “biznesmen”, “şirkət nümayəndəsi”, “investor” fiqurları ön plana çıxarılırdı. Dövlət məsuliyyəti fərdlərin və kommersiya qurumlarının arxasında gizlədilirdi. Krımda isə bu rol dəyişib. İndi ön planda “alim”, “arxeoloq”, “muzey əməkdaşı” dayanır.
Bu kontekstdə “State Hermitage Museum” ilə əlaqəli şəxslərin işğal olunmuş Krımda apardığı fəaliyyətlər “elm” adı altında təqdim olunur. Əslində isə bu, Qarabağdakı iqtisadi pərdənin Krımdakı akademik versiyasıdır. Hər iki halda məqsəd eynidir: işğalın hüquqi nəticələrini görünməz etmək.
Məhz bu səbəbdən Krımda Butyagin işi ilə bağlı yaranan presedent təkcə Ukrayna üçün deyil, həm də Qarabağ dövründə tətbiq olunmuş mexanizmlərin geriyə - hüquqi qiymətləndirilmə baxımından təhlükəli bir xatırlatmasıdır.
Butyaginin “alim” kimi təqdim edilməsi, xüsusilə Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində mədəni irsə sistematik zərər vurması fonunda ciddi ziddiyyət yaradır. Şəhərlərin, muzeylərin və tarixi abidələrin bombalandığı, mədəni sərvətlərin daşındığı bir şəraitdə Moskvanın qəfil “elm azadlığı”nı müdafiə etməsi beynəlxalq ictimaiyyət üçün inandırıcı görünmür.
Xüsusilə mədəni irsin qorunması sahəsində bu cür presedentlər gələcəkdə oxşar işlərin beynəlxalq məhkəmələrə çıxarılmasının yolunu aça bilər. Məhz bu səbəbdən Krımda aparılan araşdırmalarla bağlı hüquqi proseslərə Moskvanın sərt reaksiyası təsadüfi deyil. Bu qorxu bir nəfərin taleyi ilə bağlı deyil, presedentlə bağlıdır. Necə ki, Qarabağ məsələsində bu presedent separatçılara qarşı ədalət fonunda təcəlla edir. Bir gün bu kimi talançılıqlar - Qarabağ dövründəki qeyri-qanuni fəaliyyətlər də analoji hüquqi qiymətləndirməyə məruz qalacaq. Bu halda “biz bilmirdik” arqumenti hüquqi qüvvəsini itirəcək.
Bu mənada Rusiyanın Polşaya təzyiqi güc nümayişindən daha çox hüquqi presedentdən doğan qorxunun ifadəsi kimi dəyərləndirilməlidir. “Krım bizimdir” ritorikası illərlə təkrarlansa da, sənədlər, müqavilələr və beynəlxalq hüquq başqa bir həqiqəti xatırladır. Beynəlxalq hüquq təbliğatla silinmir, imzalar yox olmur, müqavilələr qüvvədən düşmür və məsuliyyət televiziya narrativləri ilə aradan qalxmır.
Nəticə etibarilə Qarabağdan Krıma uzanan xətt göstərir ki, işğalçı siyasət formaca dəyişsə də, mahiyyətcə sabit qalır. Resursların talanı bəzən mədən adı ilə, bəzən elm adı ilə aparılır. Amma beynəlxalq hüquq baxımından nəticə eynidir: bu, işğal şəraitində törədilmiş qanunsuz fəaliyyətdir.
Ərazilər azad oluna, xəritələr dəyişə bilər. Lakin hüquqi məsuliyyət zamanla yox olmur. İşğal altında “qanuniləşdirilən” hər bir fəaliyyət gec-tez hüquqi qiymətini alır. Tarix göstərir ki, gecikmiş ədalət mümkündür, amma unudulmuş ədalət yoxdur.
XezerNews.az