Ru
15:37 / 03 Dekabr 2025

Qazaxıstan və Azərbaycanın Rusiyanı kənarda qoyan Çin marşrutu – Astana neft ixracını yenidən qurur

Qazaxıstan və Azərbaycanın Rusiyanı kənarda qoyan Çin marşrutu – Astana neft ixracını yenidən qurur
Eye

Qazaxıstan və Azərbaycan Çindən Avropaya uzanan və Rusiyadan yan keçən nəqliyyat-enerji marşrutlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirir. Prosesi sürətləndirən əsas faktor isə Nоvоrossiyskdə “Каspi” boru kəməri konsorsiumunun (КТК) dəniz terminalına edilən son hücum olub. Hadisə Qazaxıstanın neft ixracında yaranan fasilələrə görə təcili şəkildə alternativ logistika marşrutlarına yönəlməsinə səbəb olub.

Bakupost.az xəbər verir ki, rəsmi Astananın bəyanatında terminala zərbənin “mülki infrastruktur üçün qəbuledilməz təhlükə” yaratdığı vurğulanıb. Nəticədə neftin yüklənməsi dayandırılıb və hökumət ixracın yenidən təşkil olunması üçün fövqəladə planı işə salıb. Ukrayna isə iddiaları rədd edərək, əməliyyatların yalnız Rusiyanın hərbi obyektlərinə yönəldiyini və üçüncü ölkələrin hədəf olmadığını bildirib.

Hadisənin iqtisadi təsirləri artıq milyonlarla dollarla ölçülür. Bəzi analitiklər birbaşa zərəri ilk həftələr üçün 1,5 milyard dollar səviyyəsində qiymətləndirir. Uzanan fasilələr ümumi ixracın 20%-dək azalmasına gətirə bilər ki, bu da neft gəlirlərindən asılı olan Qazaxıstan iqtisadiyyatına təzyiqi artırır.

Qazaxıstan Energetika Nazirliyi insidentdən dərhal sonra “yenidən yönləndirmə planını” elan edib. Plan Xəzər dənizi üzərindən yüklərin artırılmasını, qərb istiqamətində dəmir yolu daşımalarının genişləndirilməsini və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun – Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan xəttinin – daha intensiv istifadəsini nəzərdə tutur. Bu marşrut üzrə real irəliləyiş imkanı mövcuddur: oktyabrda Bakı və Astana yükdaşımaların artırılması və yeni logistika layihələri barədə mühüm sənədlər imzalayıb. Layihələr ABŞ, Avropa Birliyi və Türkiyənin də siyasi dəstəyindən yararlanır, çünki Qərb aktorları Rusiyadan asılı olmayan Avrasiya marşrutlarının formalaşdırılmasında maraqlıdır.

Bununla belə, Transxəzər koridorunun davamlı şəkildə genişləndirilməsi qısa müddətdə mümkün deyil. Marşrutun səmərəli fəaliyyət göstərməsi üçün limanların gücləndirilməsi, bərə daşımalarının artırılması, dəmir yolu bağlantılarının genişləndirilməsi və yeni sığorta mexanizmlərinin yaradılması lazımdır. Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindən daşımalar çoxsaylı koordinasiya tələb edir, bu isə prosesin sürətini məhdudlaşdırır.

Ekspertlərin fikrincə, Rusiyanı Avrasiyanın enerji logistikası sistemindən tam şəkildə çıxarmaq yaxın perspektivdə mümkün deyil. Rusiyanın mövcud boru kəmərləri, terminalları və dəmir yolu şəbəkəsi həm böyük tutuma malikdir, həm də uzunmüddətli müqavilələrlə qorunur. Alternativ marşrutlara keçid isə əlavə xərc, vaxt və infrastruktur yatırımları tələb edir ki, bu da ticarət tərəfdaşları arasında yeni danışıqların aparılmasını qaçılmaz edir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar