Dünya bazarında qızılın qiymətinin yüksəlməsinə geosiyasi qeyri-müəyyənlik, ABŞ-nin pul-kredit siyasəti və mərkəzi bankların qızıl ehtiyatlarını artırması təsir göstərir.
İqtisadçı Rəşad Həsənov
“Bakupost”a qızılın bahalaşmasının əsas səbəblərini bildirib.
Onun sözlərinə görə, hazırda dünyada geosiyasi vəziyyət proqnozlaşdırıla bilən deyil. Bu səbəbdən investorlar vəsaitlərini daha az riskli aktivlərə yönəltməyə çalışırlar. Bu da qızıla olan tələbi artırır.
Rəşad Həsənov bildirib ki, ABŞ administrasiyasının siyasətinin proqnozlaşdırılmaması da qızılın qiymətində dalğalanmaların davam etməsinə səbəb ola bilər.
İqtisadçı qeyd edib ki, Federal Ehtiyat Sistemində (FES) rəhbərliyin dəyişməsindən sonra ABŞ administrasiyasının FES-in pul-kredit siyasətinə təsir imkanlarının artacağı ilə bağlı ehtimallar mövcuddur. Bu isə gələcəkdə daha yumşaq pul-kredit siyasətinə və dolların ucuzlaşmasına səbəb ola bilər.
“Xüsusilə ABŞ-İsrail-İran münaqişəsi kontekstində dollara yönələn vəsait yenidən oradan çəkilərək qızıla yönəlməkdədir”, – deyə o bildirib.
İqtisadçının sözlərinə görə, digər mühüm amil isə son iki ildə bir sıra mərkəzi bankların ehtiyatlarını şaxələndirməsi və qızıl alışlarını artırmasıdır. Xüsusilə Çin Mərkəzi Bankının qarşıdakı bir il ərzində böyük həcmdə qızıl alacağı ilə bağlı proqnozlar qiymətlərin yüksəlməsinə təsir edir.
Rəşad Həsənov hesab edir ki, qızılın qiymətində bahalaşma növbəti 1-2 il ərzində də davam edə bilər.
O bildirib ki, qarşıdakı aylarda iqtisadi şərait qızılın qiymətinin daha da yüksəlməsi üçün zəmin yarada bilər. İqtisadçı eyni zamanda qızıl bazarında dəyişkənliyin geniş diapazonda qalacağını və qiymətlərin yüksək səviyyəsini qoruyacağını düşünür.
Vüsalə Hüseynova,
BakuPost