Son bir neçə gün ərzində quzu və quş ətinin qiymətində artım müşahidə edilir. Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində də artım var.
"Bakupost" "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.
Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.
Onlar bildirir ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.
Təxminən eyni anda ətin ən əlçatan növü hesab olunan toyuq filesi də bahalaşıb.
Son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır. Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov
“Bakupost”a bildirib ki, mal və qoyun ətinin qiymət artımı əslində başa düşüləndir:
“Ona görə ki, heyvanların baş sayı azalıb. Eyni zamanda, kəsim üçün nəzərdə tutulan heyvanların da sayında azalma baş verib. İstehsal xərcləri də artıb. Ümumiyyətlə, bu sahədə problemlərin olması səbəbindən məhsuldarlıq aşağı düşüb”.
Quşçuluq sahəsində çalışanlar isə müsahibimizə görə, heyvandarlıqda yaşanan problemlərdən “bəhrələnərək” öz maraqları naminə sui-istifadə edirlər:
“Əslində quşçuluq sahəsində elə də ciddi problemlər yoxdur. Ona görə ki, quşçuluqda sənaye üsulundan istifadə edilir, məhsul qapalı şəraitdə yetişdirilir. Həmçinin, son zamanlar ölkəyə gətirilən buğdanın idxal dəyəri də xeyli aşağı düşüb. Çünki Rusiya logistik problemlər səbəbindən buğdanın qiymətini aşağı salıb. Bütün bunlar istehsal xərclərində artımın olmadığını deməyə əsas verir. Bu da onu göstərir ki, quş ətində qiymət artımının heç bir iqtisadi əsası yoxdur, süni şəkildə baş verib. Yəni bu kartel sövdələşməsinin nəticəsidir. Yumurta, həm də quş ətinin qiymətində kartel sözdələşməsinin olduğunu görürük. İstənilən istehsalçı digər istehsalçı ilə sövdələşərək, qiyməti artıra bilir. Bütün bunlar quşçuluq sahəsində inhisarçılığın olduğundan xəbər verir”.
Rüfət Sultan,
BakuPost