Ramazan ayının güşüncələri

  • 05 May 2020 17:44
  • 5404 Baxış
Ramazan ayının güşüncələri




Şəmsəddin Əliyev


“Sizə yetişən müsibətlər (bəlalar) qazandığınız günahlara
görədir və O,hələ onların çoxundan keçir.”

Rəbb kəlamı.

Fəxri cahan peyğəmbərimiz Məhəmməd (s.ə.s) bəşəriyyətə bəxş edilən sonuncu Allah elçisidir. O, təkcə ərəblərə və müsəlmanlara yox, bütün insanlara göndərilən peyğəmbərdir.

İlahi surə və ayələrdə “Ey insanlar”- deyə xitab edilir. “Ey ərəblər”-səslənmir.

İlahi rəvayətlərdən məlum olur ki, Cəbrayıl(ə.s) Allahın əmri ilə ömrünün son anlarını yaşayan Hz. Məhəmməd(s.ə.s) peyğəmbərin odasına gəlir.

Ona: “Yaşamaq üçün möhlət istəsən Rəbbimiz verər” - deyə, İlahi kəlamı çatdırır. Lakin, peyğəmbər imtina edir və ikinci qonağın-ölüm mələyi Əzrayılın(ə.s)Allahın əmrini icra etməsi üçün içəri daxil olmasını istəyir…

Ölüm mələyi İlahi tapşırığı nə tez, nə də gec–vaxtında icra etməyə başlayır. Bu an ibrətamiz bir vida yaşanır.

Cəbrayıl (ə.s) “Ey Allahın Rəsulu!Səndən sonra bir daha insanlara peğəmbər göndərilməz. Mənim də yer üzünə son enişim və son ziyarətimdir”- deyir və peyğəmbərimizi tərk edir…

Peğəmbərimizin bütün insanlara görk olacaq təravətli kəlamları hər zaman diqqət çəkir.
“Dünyada insanların üç tipinə-sərvətini itirən zəngin şəxslərə, nüfuzunu itirən şəxslərə və abdalların əhatəsində olan müdrik insanlara mərhəmət edin!”, deyir Peğəmbərimiz.

Belə bir hekayə xatırlanır ki, iki dost şəhərdən-şəhərə getmək üçün yola düşürlər. Şəhərləri bölən çayın sahilinə çatdıqda yağışdan sonra yaranan seldən ehtiyatlanaraq əl-ələ verib keçərkən, sahildə bir qadının da köməksiz vəziyyətdə durduğunu görürlər. Dostlardan biri qadının çaydan keçməsinə kömək edir. Sonra vidalaşıb yoluna davam edirlər.

Bir müddət yol getdikdən sonra ikinci adam deyir: “Sən niyə o qadına toxundun? Bilmirsən ki, kişinin qadına toxunması günahdır?”

-Əziz dost! Mən qadını çaydan keçirdib sahilə qoymaqla onu artıq unutmuşam. Sən isə hələ də onu ürəyində daşıyırsan.

Ya Rəbbi! Bu çətin intəhasız dünyada bəzi insanların həyatı hekayədə təsvir olunan iki yolçunun əhvalatına bənzər. Bizi belə dostluqdan hifz et!

Ya Rəbbi! Sən, insanı qupquru torpaqdan yaratdın və ona həyat nəfəsi üfürməklə can, gözəl surət bəxş etdin! Sonra Adəm bağçasında məskunlaşdırdın ki, özünə baxsın. Sənin yaratdığına olan sevginin həddi bilinməz!

Ya Rəbbi! Dünyada qanunların verdiyi hüquq və imtiyazlardan daha çox, insanların bir-birinin ürəklərində məskən salmasına ehtiyacı var. Bunu edə bilməyəndə hər şeyi qanunlardan tələb edirik. Möcüzələrinlə zəngin, hikmətinlə boyanan təbiətdəki qanunlar necə də ahəngdar və ritmikdir. Hər şey yerli- yerində…

İnsanlıq meydanında yaratdığın gözəl surət və əxlaq sahibləri oturuşu- -duruşu ilə Səni, danışığı ilə o dünyanı, hərəkətləri və davranışları ilə hesab gününü xatırlamalıdır. Yer üzünün əşrəfi olaraq yaratdığın bu canişinlər bəzən bir-birilərini hakim sayaq sorğu-sual edirlər. Müsəlmanlıq belə olanda Sənə asi olan, (Əstəğfirullah) dinindən və imanından kənara çəkilənlər də olur.

Kaş, biz İslamın gözəlliklərini layiqincə vəsf edə, ətrafımıza çatdıra biləydik. Kaş! Axı, İslam, insanlara qarşı zorakılıqların, həsəd və paxıllıqların, bir millətin digər millət üzərində hökmranlığının və köləliyin əleyhinədir. Bu İslamın saflığı və ucalığıdır!

Rəvayət edirlər ki, bir gün Harun Rəşid Kəbəni təvaf edəndə bir nəfər yaxılaşaraq, “Ey Xəlifə! Buradakı insanların hamısı Allaha öz əməlinin hesabını, Sən isə həm öz əməlinin, həm də burada olan hər kəsin hesabını verəcəksən,”-deyir.

Bunu eşidən Xəlifə məsuliyyətin ağırlığına və fərqinə tab gətirməyib özündən gedir… (Məsuliyyətin şüurunda imiş Hz.Harun Rəşid.)

Ya rəbbi! Görür və bilirsən ki, dünyanın nizamı pozulur. Fövqəldövlətlər dünyaya meydan oxuyurlar. Onların insanlıq əleyhinə fasiq və naqis əməllərindən dünyada quraqlıqlar, daşqınlar, yanğınlar, ağıla sığmaz epidemiyalar baş alıb gedir.

Bunlar da Sənin qüdrət nişanələrindəndir ki, həddimizi aşmayaq. Hamıya görk olsun, haqq yola qayıdaq… Bəs ürəklərdəki quraqlıqları, çatları necə müalicə edək, Ya Rəbbi?

Ya Rəbbim! İnsanın Sənin yaratdığına sevgisi olmazsa, qarşılıqlı hörmət və ehtiram ərşə çəkilibsə, görünməz Allahı-Səni necə sevə, Sənə necə itaət edə bilər?

Rəvayət edirlər ki, dünyasını dəyişib cənnətə düşən bir bəndə mələklərin ona xidmətini, cah-cəlalı gördükdə mat-məətəl qalır. Ətraf, İlahi gözəlliyi ilə onu heyran edir.

Çaşqın halda mələklərdən soruşur: "Siz burada nə satır,nə alırsınız?"

Mələklər deyir: "Ədalət, sevgi, barış satırıq..."

İnsan tərk etdiyi dünyada az gördüyü bu İlahi nemətlərdən istəyir.

"Onda mənə çoxlu ədalət, barış və sevgi verin, özümlə aparım", deyir.



Mələklər “sifarişi” alıb uzaqlaşarkən cənnətdəki bəndə: “Mən bunları necə aparar və necə geri qayıdaram” - düşünərkən mələyin kiçik bir pul kisəsi ilə geri qayıtdığını və yanındakı dəzgahda doğram-doğram etdiyini görüb, deyir:.

- Mən sizdən dünyada az tapılan sevgi, ədalət, barış istədim. Siz isə…

-Biz burada istədiyin toxumları satırıq. Onları alıb ürəyində əkərsən, çoxalar və tonlara çevrilər…

-Bəs, gəldiyim dünyada niyə bunlar az, qramla verilirdi? Niyə insanlar arasında sevgi və mərhəmətin, milli barışığın yolu tapılmır? Səbəb nədir?

-Sizin dünyada “sərhədləri” iki qrup zümrə pozur. Yalançı din adamları və politiklər. Din adamları dedikləri ilə yaşamadıqda, politiklər verdikləri vədi yerinə yetirmədikdə onları dinləməyin mənası yox. Belələri ilə vidalaşmaq lazımdır. Əks təqdirdə haqsızlığın önündə susmaqla şeytanlara uyan kəslərin sırasında durar və özünüzə zülm etmiş olarsınız...Cəmiyyətin belə insanlara ehtiyacı yoxdur. Sevgi dolu ürəklərə, imkanını imkansıza verənlərə ehtiyac var. Bərəkət belə diyarda olar. Başqa cür olanda zalımlıq artar...

Anlamalıyııq ki, günah kimi savab da yerində qalmır, çoxalır. İşlənilən günah, edilən savab, sədəqə və zəkat müxtəlif vasitələrlə minlərlə qəlbə yol açır. Artan günahlara tab gətirmək isə çoxlu savab və dualarla mümkündür. Bu baxımdan birləşib mənəvi bir “bank” təsis etməli, bu xəzinədə görülən xeyirxah işlər və savablar toplanmalı və hər kəs oradan bərabər pay almalıdır.

Yaşadığımız dünyanın bir qütbündə uca Allahı anladan bir dil və dua, dünyanın başqa bir qütbündə eyni qayə uğrunda çalışanlar din qardaşına savab qazandırır. Bu cür mənəvi birliyə üzv olmaqla Allahın nəzərində ucalarıq.

Bir rəvayətdə deyildiyi kimi: Osmanlı valilərindən biri xəstələnir, təbiblər valinin dərdinə məlhəm tapa bilmirlər. Bu zaman xəstəyə ixtiyar çağında saleh bir insanın-Şeyxin duasının kömək edəcəyini bildirirlər. Vali həmin şəxsi evinə dəvət etdirir və gələn kimi:

-Mənim üçün Allaha dua edərsinizmi?-deyə,soruşur.

-Zindanlarda bu qədər günahsız insanlar yatdığı halda, sanırsan ki, Sənin üçün etdiyim dualar qəbul olunacaq?- deyə,Şeyx cavab verirr.

Vali günahsız insanların dərhal azad edilməsini əmr edir. Şeyx də əllərini Allahın dərgahına uzadaraq duaya başlayır:

-Ya Rəbbi! Bu quluna günah və müsibətin zillətini və Özünün qüdrət nişanələrini göstərdiyin kimi, Sənə itaətin və peşmanlığın izzətini də göstər. Onu dərd və xəstəliklərdən xilas et!..

Ya Rəbbi! Bu dünyada sınanır və imtihana çəkilirik, İlahi hikmətinə heyrət edirik. Səbəblər bəzi şeyləri pərdələsə də, bəndələrin həmişə həqiqətləri olduğu kimi görə bilmir, Sənin ibrət dərslərini üsyankar hisslə vicdanına hakim edənlər cəhənnəm əzabına yol açır. Qoyma Ya Rəbbi! Əfv et!

İtaətində olan bəndələrin hər zaman “əmrə müntəzir” olub cənnətlə müjdələyəcəyini gözləyirlər. Sən, hər şeyi bilən və görənsən! Rəvayətdə ərz edildiyi kimi itaət edən rizanla həqiqi sultan məqamına yüksəlir, üsyankar çirkinlər isə sultan olsalar da rəzil və rüsvay olmaqdan, gec-tez səfil həyata deşməkdən qurtula bilmirlər…

Ya Rəbbi! Uzun illərdir doğmalarımızın uyuduğu, müqəddəs torpaqlarımızın yağmalandığının, iffətimizə təcavüzün əzabından qovruluruq, qurtula bilmirik. Əsir düşən, girov götürülən həmvətənlərimizin harayını qulaqardına vururuq. Üzdəniraq ATƏT-in yalan vədlərinə 30 ilə yaxındır ki, uyuruq, aldanır və təkrar- -təkrar aldanırıq. İndi daha bunlara, bu müşrik və yezid xislət beynəlxalq təşkilatların missiyasına inanmaqla özümüzü aşağılayırıq.

Yetər artıq! Ya Rəbbi, yetər! Az qala Vətən yaddan çıxsın. Şəhid, qətliama məruz qalan Laçın, Kəlbəcər, Şuşa, Xocalı və digər ərazilərimizin uşaqları daha Bakıda, Sumqayıtda və qaçqınlar üçün salınmış şəhərlərdə doğulur, boya-başa çatırlar. “Kosmopolit”ləşirik. Bu bəlanı, rüsvayçılığı unutmağa imkan vermə.

Ya Rəbbi! Sənə güvənir və Səndən qisas almağa kömək istəyirik. Qisası qiyamətə qoyma, Ya Rəbbi, qoyma!

Zabitəli komandirlərimizə və əsgərlərimizə təpər, güc, cəsarət, qorxmazlıq, şücaət, qəhrəmanlıq və düşmənə qarşı nifrət ver! Vətənpərvərlik ruhumuzu İlahi qüdrətinlə boya!

Televiziyalardakı mənasız verilişləri qapat, mənəviyyatsızlıq sanki təşviq edilir. Seriallar mənəviyyatsızlığa və zorakılıqlara çağırışlarla yadda qalır. Keçmişi bulanıq bəzi şoumenlər özləri yazır, özləri də bəstəkarı olduqları şit, mənasız mahnılarla ekranları zəbt edirlər. Vətənpərvərlik, “Vətən, Ana çağırır” ruhunda verilişlər, mahnılar eşidilmir. Bəzən, adama elə gəlir ki, televiziyanın rəhbərləri azərbaycanlı olduqlarını da unudurlar!?

Məmurlara verilən “qulaqburmalar”, həbslər dərs olmur. Nüfuzlu insanlar, etimad göstərilən və etibar edilən bəzi dövlət qulluqçuları bu ağır günlərdə ümumxalq və dövlətçilik maraqlarına yox, şəxsi maraqlarına üstünlük verəndə paxırlar açılır, adamın ürəyi ağrıyır. Niyə beləyik?

Bu müqəddəs, 11 ayın sultanı Ramazan ayında hamımızın, millətimiz və dövlətimiz üçün dərgahına açılan əllərimizi naümid buraxma, dualarımızı qəbul et, Ya Rəbbi!

Vətənimizi qoruyan qüdrətli ordumuza, Xalqımıza, Dövlət və siyasi xadimlərə, vətəndaşların təhlükəsizliyini və sağlamlıqlarını, milli təhlükəsizliyimizi təmin edənlərə xoş arzularımızı qəbul eylə, Ya Rəbbi!



X