Ru
15:45 / 02 Dekabr 2019

Riqada Nəsiminin 650 illik yubileyi qeyd olundu - FOTO

2705

Latviyanın, ümumən Baltikyanı ölkələrin ən böyük təhsil ocaqlarından birində - Riqa Klassik gimnaziyasında Nəsiminin yubileyinə həsr olunmuş elmi-bədii gecə keçirilib. BakuPost-un xəbərinə görə, tədbir Azərbaycan Səfirliyinin təşəbbüsü ilə, Riqada təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə ərsəyə gəlib. "Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin fəalları, Riqa Klassik gimnaziyasının tələbə və məzunları ilə birgə kompozisiya (ssenari müəllifi Sevinc Məmmədova) təqdim ediblər. Bu kompozisiyada musiqi parçaları, şeirlərin qiraəti, teatrlaşdırılmış səhnəciklər, elmi məruzələr yer alıb.
Gecədə qonaq qismində Türkiyənin Latviyadakı səfirliyinin müşaviri Melihe Gülçe Kumrulu, Riqa ictimaiyyətinin nümayəndələri, Klassik gimnaziyanın müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Nəsimi yaradıcılığı, onun irsinin qorunub, dünyaya təqdim olunmasında Azərbaycan hökumətinin gördüyü işlər barədə geniş məlumat verib.

Nəsiminin ilk dəfə Azərbaycan dilində "Divan" yazdığını, dilimizi zənginləşdirdiyini, ədəbiyyatımızın gələcək inkişafına böyük töhfə verdiyini vurğulayan səfir, dahi sənətkarın geniş təbliğində, irsinin tədqiqində ümummilli lider Heydər Əliyevin böyük işlər gördüyünü bildirib. Deyib ki, hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin səyləri nəticəsində şairin yubileyinin YUNESKO-nun təqviminə salınıb, 1973-cü ildə Bakıda və Moskvada Nəsiminin 600 illiyinin təntənəli surətdə qeyd edilib. Bununla yanaşı, Nəsimi barədə sənət əsərləri yazılıb, tədqiqatlar aparılıb, Nəsimiyə heykəl ucaldılıb, adı Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilib.

C.Axundov Nəsimi irsinin öyrənilməsi və tədqiqinin hal-hazırda keyfiyyətcə yeni səviyyədə həyata keçirildiyini vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi böyük şairin yaradıcılığının tədqiqinə və geniş miqyasda təbliğinə güclü təkan vermişdir”.

Sonra çıxış edən Riqa Klassik gimnaziyasının direktoru, Latviya Təhsil və Elm Nazirliyi nəzdində məsləhət şurasının sədri, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, fəlsəfə elmləri doktoru Roman Əliyev Nəsiminin fəlsəfi fikir dünyasına üz tutub, bir sıra Avropa mütəfəkkirləri ilə Nəsimini müqayisə edərək, onların konsepsiyalarında ümumi cəhətləri üzə çıxarmağa çalışıb. O, həmçinin Nəsiminin qəzəllərinin tərcüməsi ilə bağlı çətinliklərdən söz açaraq, şairin qəzəllərindən birini latış dilində şövqlə oxuyub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadə öz məruzəsində Nəsiminin musiqi dünyasına üz tutub. O, Nəsimi dövrünün musiqi panoramını canlandırmağa çalışıb, Nəsimi obrazlarının bəstəkar yaradıcılığında təcəssümündən söz açıb. Musiqişünas Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ard-arda iki il böyük uğurla keçirilən “Nəsimi – şeir, incəsənət və mənəviyyat” festivalı haqqında da məlumat verib. O, çıxışını Milli Konservatoriyanın “Əsrlərin sədası” qədim milli musiqi alətləri ansamblının kompozisiyaları, Azərbaycan bəstəkarlarının (F.Əmirov, C.Cahangirov, Ə.Hüseynzadə, A.Rzayev, E.Sabitoğlu, F.Əlizadə və b.) müxtəlif janrlarda yazılmış əsərlərindən fraqmentlərlə illüstrasiya edib. Nəsimi poeziyasının məzmunu və ahənginin müxtəlif üslublu (akademik musiqi, caz, rep) yaradıcılar üçün cazibədar olduğunu söyləyən natiq YUNESKO-da Nəsiminin 650 illik yubileyinin təntənəli surətdə keçirildiyinə və həmin tədbirin bədii hissəsinin özəlliklərinə xüsusi diqqət yetirib.



Ümumiyyətlə, tədbirdə Nəsimi şeirləri dörd dildə - Azərbaycan, latış, rus və türk dillərində səsləndirilib. Gecəni azərbaycanlı tələbələr Sevinc Məmmədova və Rasim Məmmədov Azərbaycan və rus dillərində idarə ediblər. Gimnaziyanın şagirdləri Mark Staseviç və Alyona Yefremova latış dilində Nəsiminin həyat və yaradıcılıq yolu haqqında auditoriyaya qısa məlumat veriblər. Şairin rəngarəng qəzəllər çələngini Anastasiya Moroz, Elizabet Nəsibova, Samir Əzizov təqdim edib.
Gecənin təşkilatçısı və koordinatoru, uzun illər Riqada Azərbaycan dilini uğurla tədris edən Günay Əliyeva Nəsiminin “Hardasan” qəzəlini tanınmış sənətkar, Mixail Çexov adına Riqa Rus Dram teatrının aparıcı aktyoru Yakov Rafalsonla dialoqda həzin musiqinin sədaları altında olduqca duyğulu ifa edib, dinləyicilərin zövqünü oxşayıb.

Müxtəlif musiqi parçalarını səsləndirilməsi tədbirə xüsusi rəng qatıb: Alim Qasımov, Sami Yusuf, Teyyub Aslanov, Sevda Ələkbərzadənin ifaları, “Nəsimi” bədii filmindən fraqmentlər maraqla qarşılanıb.
Riqa Klassik gimnaziyasının şagird və məzunlarının təqdimatında Xalq şairi Qabilin “Nəsimi” poemasından səhnələrin sərgilənməsi xüsusi marağa səbəb olub. Sonda gimnaziyanın direktoru, latış dilində çıxışların hazırlanmasında böyük əməyi olan R.Əliyev gecənin fəallarını hədiyyələrlə mükafatlandırıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Dahi Azərbaycan şairi, mütəfəkkiri Nəsiminin yubileyi həm onun vətənində, həm də müxtəlif ölkələrdə maraqlı tədbirlərlə qeyd olunur.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər