Ru
14:14 / 06 İyul 2026

Rusiya Baltikyanı ölkələri də təhdid edir: Sizi əlimizdən kim alacaq?

Rusiya Baltikyanı ölkələri də təhdid edir: Sizi əlimizdən kim alacaq?
Eye

Rusiya son zamanlar NATO üzvü olan Baltikyanı ölkələri hədəfə almağa başlayıb.

Bu xüsusda əsasən də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin canfəşanlıq edir.
O iddia edib ki, Latviya, Litva və Estoniya Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hava zərbələri üçün hava dəhlizlərini təklif ediblər.

Diplomat bildirib ki, Moskvanın Baltikyanı ölkələrin hava məkanından Rusiyanın mülki infrastrukturuna hücum edən Ukrayna dronlarının buraxıldığına dair təsdiqlənmiş məlumatlar var.

Moskvanın NATO ölkələrini təhdid etməsi nə məqsəd daşıya bilər?

Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, Rusiya tərəfindən səslənən bu cür açıqlamaların müxtəlif hədəf və istiqamətləri var:

“Rusiya bununla ilk növbədə qorxutmaqla təzyiq, təhdid etmək məqsədi güdür. Digər tərəfdən, bu daxili auditoriyaya hesablanmış açıqlama da ola bilər. Ukraynanın zərbələri qarşısında aciz qalan Rusiya belə açıqlamalarla sadəcə Ukrayna ilə deyil, bütün NATO ilə döyüşdüyünü göstərmək istəyir. Başqa bir tərəfdən, Kreml belə təhdidləri NATO-nun birliyini test etmək xarakteri də daşıya bilər. Belə təzyiqlərlə Moskva NATO-nun nə qədər operativ və çevik reaksiya verəcəyini yoxlamaqla bərabər, həm də təşkilat daxilində parçalama yaratmaq məqsədi güdür”.

Ekspertin sözlərinə görə, Rusiyanı bu təhdidlərə ruhlandıran ABŞ-nin NATO-nu müdafiə etməyəcəyi və qoşunlarını Avropadan çıxaracağı ilə bağlı səslənən fikirlərdir:

“ABŞ rəhbərliyi səviyyəsində bu cür açıqlamalar mövcud olduqca Rusiya da həmin istiqamətdə təzyiqləri artırır ki, Vaşinqtona o qədər də güvənməsinlər. Yəni Kreml ABŞ NATO-nu tərk etdiyi təqdirdə, Rusiya ilə baş-başa qalmaq təhlükəsini göz önünə almağı tövsiyyə edir”.

Həmsöhbətimiz bu təhdidlərin o qədər də real olmadığı qənaətindədir:

“İndiki vəziyyətdə Rusiyanın Ukraynaya qalib gələ bilmədiyi gerçəyi artıq qlobal səviyyədə hamı tərəfindən qəbul olunur. Belə olan halda Rusiya müharibənin coğrafiyasını genişləndirmək istəyə bilər. Ancaq bu Rusiyanın NATO-ya qarşı böyük həcmli müharibəyə hazırlaşdığı anlamına da gəlmir. Rusiyanın bunu etməyə, nə gücü, nə potensialı, nə də maliyyə imkanı mövcud deyil. Söhbət sadəcə, qısa müddətli hansısa zərbələr və yaxud hərbi təxribatlardan gedə bilər ki, burada da əsas məqsəd NATO-nun reaksiyasını test etməkdir. Rusiya NATO ilə açıq müharibəyə girməyəcək. Yalnız hansısa lokal hadisələr ola bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar