Rusiyada seçki dönəmində olan Ermənistanı təhdid və şantaj etmək yarışına Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da qoşulub.
Belə ki, Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında Şoyqu Ermənistanı Rusiyaya qarşı açıq-aşkar düşmənçilik xarakterli hərəkətlər etməkdə ittiham edib. O, Ermənistan hakimiyyətini Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna zidd bəzi addımlar atmaqda günahlandırıb.
Şoyqu deyib ki, İrəvan beynəlxalq müzakirələrdə artıq Rusiyanın deyil, müntəzəm olaraq Avropa İttifaqının mövqeyi ilə razılaşır.
TŞ katibi onu da xatırladıb ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının əsasını təşkil edir. Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı 36 faizdən çoxdur.
Hətta Şoyqu Ermənistanın müstəqilliyinə görə də Moskvaya borclu olduğunu söyləyərək deyib ki, Rusiyanın səyləri sayəsində Ermənistan 1990-cı illərdə suverenliyini qoruyub saxlayıb.
Ermənistanla bağlı bəyanatlara Şoyqunun timsalında keçmiş müdafiə nazirinin də reaksiya verməsi onu göstərir ki, Rusiya bu ölkədəki seçkilərdə istəyinə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışacaq.
Siyasi şərhçi Xəqani Cəfərli
“Bakupost”a bildirib ki, Rusiyanın Ermənistandakı seçkilərə hərbi müdaxiləsi mümkünsüzdür.
Həmsöhbətimizə görə, hərbi güc və coğrafi baxımdan Moskvanın bunu etməyə imkanı yoxdur:
“Rusiyanın Ermənistanla quru sərhədləri yoxdur. Ona görə də Moskvanın birbaşa Ermənistana hərbi müdaxilə imkanları məhdddur. Düzdür, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Ancaq bu hərbi baza Ermənistana qarşı hərbi əməliyyat keçirmək üçün yetərli deyil. Azərbaycan və Gürcüstan üzərindən də Ermənistana qarşı hərbi müdaxilə imkanları yoxdur. Tiflis və Bakı faktiki olaraq buna yol verməz.
Digər tərəfdən, Rusiyanın Ukraynada itirdiyi resurslar ona ikinci cəbhə açmağa imkan vermir”.
Bununla belə, ekspert Ermənistandakı seçkilər Rusiyanın ssenarisinə uyğun yekunlaşmayacağı təqdirdə, Moskvanın bu ölkədə təxribatlar törədəcəyini istisna etmədi:
“Rusiyanın geniş diversiya və təxribat törətmək imkanları var. Xüsusi xidmət orqanları vasitəsilə Ermənistanda təxribat törədib, ölkədə çaşqınlıq yaradaraq Paşinyan hakimiyyətini devirməyə cəhd edə bilər. Amma bütövlükdə hərbi güc tətbiqi mümkünsüzdür. Rusiyanın belə bir imkanı olsaydı, onu daha əvvəl Moldovaya qarşı edərdi. Deməli, Ermənistandakı seçkilərə tam şəkildə müdaxilə etmək üçün Rusiyanın əl-qolu bir qədər bağlanıb. Amma bununla belə, Rusiya son nəfəsinə kimi Ermənistanda çarpışacaq”.
Rüfət Sultan, BakuPost