Rusiya Ermənistandan gələn fərqli məhsullara qadağa qoymağa davam edir. Ermənistandan idxal olunan pomidor, xiyar, bibər, göyərti, ərik, çiyələk və digər kənd təsərrüfatı məhsullarına qoyulan qadağanın ardınca Rusiya bu ölkədən gətirilən balıq və balıq məhsullarını da hədəfə alıb.
Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, Rusiya tərəfi Ermənistanın balıq emalı müəssisələri və forel yetişdirmə təsərrüfatlarında apardığı yoxlamaların nəticələrindən narazı qalıb.
Məlumata görə, müəssisələrin yarısı yoxlamalara icazə verməyib, yalnız iki şirkət nəzarətdən uğurla keçə bilib.
Bu səbəbdən Rusiya yoxlamadan keçən iki müəssisə istisna olmaqla, bütün şirkətlərin Rusiyaya göndərdiyi canlı balıq və balıq məhsulları üçün baytarlıq sertifikatlarının verilməsini dayandırmağı tələb edib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərəmov
Bakupost.az-a bildirib ki, Azərbaycanın Rusiya bazarlarına balıq və balıq məhsulları göndərməsi mümkünsüzdür:
“Azərbaycan özü balıq və balıq məhsulunu daha çox idxal edir. Baxmayaraq ki, Xəzər dənizində çoxlu balıq var və göl balıqçılığı ilə məşğul oluruq. Amma buna baxmayaraq, ölkəmiz daxili istehsal hesabına balıqla bağlı istehlak normasının ancaq üçdə birini, yəni 6 kiloqramı təmin edir. Ona görə də Ermənistan məhsullarına qoyulan qadağa fonunda balıqla bağlı Ruysiyada yaranacaq boşluğu doldura bilməyəcəyik”.
Meyvələrə gəldikdə, ekspertə görə Rusiyaya ərik göndərməyimiz də mümkün olmayacaq:
“Azərbaycan bu il daha çox meyvə istehsal etmək gücündə olmayacaq. Bəzi ərazilərdə ərik yetişən zaman mənənə geniş yayılıb. Nəticədə həmin ərazilərdə heç nə əldə etmək mümkün olmayıb”.
Mütəxəssisin fikrincə, sözügedən məhsulların Rusiyaya ixracı yalnız Ermənistanın ixrac etdiyi və hazırda Moskva tərəfindən qadağa qoyulan məhsulların qiyməti qalxdığı halda baş verəcək:
“Belə vəziyyətdə vasitəçilər daha çox qazanc əldə etmək üçün məhsulu Rusiyaya ixrac etməkdə maraqlı olacaq. Nəticədə həmin məhsular üzrə Azərbaycanda qiymətlər sürətlə yüksələcək”.
Rüfət Sultan, BakuPost