Bildiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) 39 sayta maliyyə vəsaiti ayırıb. Burada əsas məqsəd MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.
Bəs maliyyə vəsaiti alan media orqanları bu müddətdə hansı dəyişikliklər ediblər, həmin vəsaiti nəyə xərcləyirlər?
Bakupost.az bununla bağlı baş redaktorların fikirlərini öyrənib...
"Qaynarinfo.az" saytının baş redaktoru Zahir Əzəmət bildirib ki, maliyyə vəsaitinin ayrılması yeni stimul yaradıb:
“Təbii ki, bu vəsait bütün xərclərimizi əhatə etmir. Onun sadəcə 20-25 faizi civarındakını tutur. Maliyyə vəsaitinin ayrılması bizlərə yeni bir stimul verdi. Digər işlərimizin tam rəsmiləşdirilməsi, çalışanların ştata salınması, əlavə imkanların cəlb edilməsi üçün şərait yaratdı.
Bu da ona gətirib çıxartdı ki, artıq rəsmi əmək kartı ilə maaş alanların sayı 3 dəfə artdı. Xərclərin tam rəsmiləşdirilməsi, yeni bir formata keçirilməsi istiqamətində işlər gördük və bu stimul verdi ki, medianın böyüdülməsi üçün yeni işlər görək.
Kənar vəsaitlərlə məsələn, bankların birindən böyük miqdarda kredit götürdüm. Saytda yeni biznes imkanlarını yaratmağa, yeni işlər görməyə başladıq. İnanmaq istəyirik ki, bu, dövlətin onlayn mediaya münasibəti, yeni tendensiyaların yaranmasına səbəb olacaq, saytlarımızın biznes strukturuna, daha gəlirli və böyük şirkətə çevrilməsinə yardım edəcək. Bu şirkətlərin saytlara münasibətini də dəyişdirə, reklam bazarında canlanma yarada bilər və s.
İllərlə bu münasibətin olmamasından əziyyət çəkirdik. Bu baxımdan bir az ümidliyik. İnşallah, proseslər göstərəcək ki, yanılmadıq. Çünki əlavə kreditlər götürmək, vəsaitlər cəlb etmək, özü də bir riskdir.
Amma bütövlükdə bu addım bizə stimul verdi. İşə daha ümidlə, həvəslə sarılmağa başladıq, böyüməyə davam edirik. Təkcə, 3-4 ayda keçdiyimiz yol bəlkə də əvvəlki 5-6 ildə keçdiyimiz yoldan daha sürətli və effektlidir”.
Qafqazinfo.az-ın baş redaktoru Günel Əbilova da mövzu ilə bağlı öz fikirlərini bölüşüb:
“MEDİA agentliyi müsabiqə nəticələrini açıqlayanda biz artıq qərar verdik ki, sözügedən məbləğlə texniki baxımdan daha da güclənməyə çalışacağıq. Artıq redaksiyada bir neçə əməkdaşımızın kompüteri yenilənib. Növbəti aylarda da bu prosesə davam edəcəyik.
“Qafqazinfo” olaraq biz zaman-zaman redaksiyamızda bu yenilikləri edirik. MEDİA agentliyinin maliyyə dəstəyi ilə prosesi daha da sürətləndirmişik.
Bizim məqsədimiz odur ki, əməkdaşlarımız daha yaxşı şəraitdə işləsin”.
“Azpolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli deyib ki, ayrılan vəsait əsasən görüntülü xəbər, multimedia istiqamətində çalışan əməkdaşlara yönəldilir:
“Medianın İnkişafı Agentliyinin ayırdığı vəsait ciddi inkişaf planları qurmağa yetəcək qədər olmasa da, görüntülü xəbər, multimedia istiqamətində müəyyən işlər görməyimizə kömək edir. Biz yeni studiyaquraşdırılması, onun avadanlıqlarla təmin edilməsi, əlavə əməkdaşların işə cəlb olunması istiqamətində işlər aparırıq. Bu baxımdan MEDİA Agentliyinin verdiyi maliyyəni həmin bu işlərə, xüsusilə də qeyd etdiyim istiqamətdə çalışan işçilərin əmək haqlarına yönəldirik.”
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə də qeyd edib ki, həmin vəsait daha çox texniki bazanın gücləndirilməsinə xərclənir:
“Biz ayrılan vəsaitlə maddi texniki bazamızın gücləndirilməsi istiqamətində işlər görmüşük. İki yeni əməkdaşı işə cəlb etmişik. Həmçinin, MEDİA-dan aldığımız vəsait hesabına əməkdaşlarımızın maaşlarını da müəyyən qədər artırmışıq.
Ayrılan vəsait çox da fantastik rəqəmlər deyil. Onu redaksiyanın maddi texniki bazasının güclənməsinə, iş şəraitinin yaxşılaşdırılmasına, yeni əməkdaşların işə cəlb edilməsinə xərcləmişik. Bununla bağlı da MEDİA agentliyinə hesabat da veririk. Orada xərclər tam dəqiqliyi ilə, qəpiyinə qədər göstərilir.
Arzu edirəm ki, digər saytlar da həmin vəsaiti iş şəraitinin, jurnalistlərin maddi rifah halının yaxşılaşdırılmasına xərcləsinlər. Agentlik və onun timsalında Azərbaycan dövləti o pulu ona görə ayırmayıb ki, ayrı-ayrı redaktorlar ciblərinə qoysunlar, maddi vəziyyətlərini yaxşılaşdırsınlar, istirahətə getsinlər və s. Bu vəsait jurnalistikanın inkişafı üçün nəzərdə tutulub və təyinatı üzrə də xərclənməlidir”.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər hesab edir ki, bu yardım ən kritik dönəmdə, pandemiyanın olan-qalan reklam bazarını da darmadağın etdiyi dönəmdə hava-su kimi lazım idi:
"Düzdür, ayrılan məbləğ problemlərimizin bir qismini həll etməyə yardımçı olur və biz ayaqda qalmaq üçün digər qaynaqlar da axtarmaq məcburiyyətindəyik. Ancaq istənilən halda bu yardımın ciddi faydası oldu və düzgün istifadə edilərsə, gələcək aylarda bunun faydası daha aydın görünəcəkdir. Biz bu maliyyənin önəmli bir hissəsini daha çox saytın texniki bazasının gücləndirilməsinə sərf edirik. Çünki saytın texniki bazasının güclü olması, təhlükəsizliyinin yüksək həddə çatdırılması informasiya təhlükəsizliyi baxımından vacibdir. Kiber-cinayətlərin artdığı, xüsusilə, Ermənistanla ideoloji informasiya savaşının yeni mərhələyə qədəm qoyduğu dönəmdə bunun zəruri olduğu düşüncəsindəyik".
Sfera.az saytının baş redaktoru Ozal Məmmədov ayrılan vəsaitin iki istiqamətə yönəldildiyini vurğulayıb:
“MEDİA-nın saytımıza ayırdığı maliyyə vəsaiti əsasən iki istiqamətə yönəldilib. İlk olaraq, kollektivə yeni əməkdaşlar cəlb etməklə yaradıcı mühitin inkişafına diqqət ayırmışıq. Digər tərəfdən saytın təhlükəsizliyinin gücləndirilməsinə də müəyyən vəsait xərclənib ki, hansısa mümkün kiber hücumlara qarşı daha dayanıqlı ola bilək. Ümumilikdə isə çalışırıq ki, bizə yaradılmış bu fürsətdən maksimum yararlanaraq saytın inkişafına nail olaq. Ümid edirəm ki, qarşımıza qoyduğumuz minimum və maksimum hədəflərə çatacağıq”.
Aygün Nəbiyeva
Baku Post