Baku Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin yeyintidə ittiham olunan sabiq rəisi Mehdi Əmrahovun məhkəmə prosesi davam edib. Məlum olub ki, son illər Səhiyyə Nazirliyi tərəfindən keçirilən 16 tenderin hamısında ona yaxınlığı ilə seçilən Yaşar Əmənovun şirkətləri qalib gəlib.
Bu işin mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsindən müxtəlif təyinatlı materialların alınması üçün pullar ayrılıb, həmin pullar isə əsasən tenderdə iştirak edən şirkətlər vasitəsilə nağdlaşdırılaraq mənimsənilib.
Maraqlıdır, bu cür vəziyyətlər niyə yaranır?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri
Akif Nəsirli “Bakupost”a bildirib ki, bunun bir neçə səbəbi var:
“Tenderlərdə hər dəfə eyni və ya nazirliyə yaxın şirkətlərin qalib gəlməsi ilk növbədə rəqabətli satınalma mühitinin nə dərəcədə formalaşması ilə bağlı suallar yaradır. Müəyyən şirkətlər uzun müddət ərzində eyni qurumun elan etdiyi tenderlərin böyük hissəsini qazanırsa, burada həmin şirkətlərin qiymət, texniki imkan və təcrübə baxımından üstünlüyü ilə yanaşı, tender şərtlərinin konkret iştirakçıya uyğun hazırlanması ehtimalı da araşdırılmalıdır”.
Ekspertin sözlərinə görə, bəzən tender sənədlərində yüksək texniki tələblər, qısa müddətlər, xüsusi sertifikatlar və ya yalnız məhdud sayda şirkətin təmin edə biləcəyi şərtlər müəyyən edilir:
“Formal olaraq bütün şirkətlər tenderdə iştirak edə bilsə də, faktiki olaraq rəqabət dairəsi daralır. Nəticədə qalib əvvəlcədən müəyyənləşmiş kimi görünən şirkətlər olur”.
Digər problem isə müsahibimizə görə, satınalma prosesində maraqlar toqquşması və əlaqəli şirkətlər məsələsidir:
“Tenderdə iştirak edən şirkətin təsisçiləri, rəhbərləri və ya faktiki sahibləri sifarişçi dövlət qurumu ilə əlaqəlidirsə, burada şəffaflıq məsələsi müəyyən sual doğurur. Xüsusilə eyni şirkətin ardıcıl tenderlərdə qalib gəlməsi belə əlaqələrin olub-olmaması barədə əsaslı suallar yarada bilər”.
Mərkəz rəhbəri bununla yanaşı qeyd etdi ki, eyni şirkətin dəfələrlə qalib gəlməsi avtomatik olaraq tenderin qanunsuz keçirildiyini də sübut etmir:
“Şirkət həqiqətən daha böyük təcrübəyə, texniki imkanlara, daha aşağı qiymətə və tələb olunan resurslara malik ola bilər. Ona görə əsas məsələ təkcə “kim qalib oldu” sualı deyil, tenderdə neçə şirkətin iştirak etməsi, təkliflərin qiymət fərqi, tender şərtlərinin necə müəyyənləşdirilməsi və qalib şirkətin sifarişçi qurumla hər hansı əlaqəsinin olub-olmamasıdır”.
A.Nəsirli hesab edir ki, rəqabətin faktiki olaraq məhdudlaşdırılmasının nəticəsi dövlət vəsaitlərinin daha səmərəli xərclənməməsi və satınalmaların real bazar qiymətindən baha başa gəlməsinə gətirib çıxara bilər:
“Bu səbəbdən belə hallarda tender proseslərinin şəffaflığı, iştirakçıların sayı, qiymət təklifləri və şirkətlərin faktiki sahibləri üzrə daha ciddi nəzarət mexanizmlərinin tətbiqi vacibdir”.
Rüfət Sultan,
BakuPost