İngiltərənin və dünyanın ən məşhur qəzetlərindən biri “The Guardian” “Qarabağ”la, xüsusən də ağdamlıların baş məşqçisi ilə bağlı məqalə hazırlayıb. Qəzet Qurban Qurbanovu İngiltərənin əfsanəsi Aleks Ferqüssona bənzədib.
BakuPost.az Mixail Yoxinin qələmə aldığı həmin məqaləni oxucularına təqdim edir:
“2008-ci ilin yayını xatırlayırsınızmı? Həmin vaxt Pep Qvardiola “Barselona”nın əsas komandasına baş məşqçi təyin olundu, Yurgen Klopp “Borussiya Dortmund”a gəldi, “Çelsi” isə Luiz Felipe Skolari üzərində riskə getdi. O vaxtdan bəri London klubunun 12 daimi baş məşqçisi olub. Çempionlar Liqasında çərşənbə günü “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın isə cəmi bir məşqçi var Qurban Qurbanov. O, artıq “Azərbaycanlı Ser Aleks Ferqyuson” kimi tanınır.
Qurbanov dünyanın ən uzunömürlü elit məşqçilərindən birinə çevrilib və klubu Avropa turnirlərində ciddi qüvvəyə çevirərək faktiki olaraq bir imperiya qurub.
Bu mövsüm “Qarabağ” üçün tarixin ən uğurlu mövsümü ola bilər. Çempionlar Liqasının liqa mərhələsinin son turunda Anfildə səfərə çıxan Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün real şansa malikdir. Komanda 10 xalla 18-ci pillədə qərarlaşıb və “Marsel”, “Bayer Leverkuzen”, PSV kimi Avropa nəhənglərini bir xal qabaqlayır. Hətta məğlubiyyət belə pley-off zonasında qalmaq üçün kifayət edə bilər.
Bu oyun “Qarabağ”ın Avropadakı 204-cü qarşılaşması olacaq və onların 190-na məhz Qurban Qurbanov rəhbərlik edib. Bu da əsasən onun gəlişinə qədər klubun, hətta Azərbaycan standartları ilə belə, kifayət qədər təvazökar olmasından irəli gəlirdi. Qurbanovun sələfi Rasim Qara 2008–2009 mövsümünün başlamasına bir neçə gün qalmış “Xəzər Lənkəran”dan aldığı daha sərfəli təklif səbəbilə postunu tərk etmişdi.
Qurbanov təcili əvəzləyici kimi seçilmişdi və gözləntilər yüksək deyildi. “O, gənc məşqçi idi və o vaxtlar yerli məşqçilərə ciddi yanaşılmırdı. Demək olar ki, sıfırdan başladı və vəzifədə qalacağına inanan yox idi”, – 2006-2024-cü illərdə “Qarabağ”da çıxış etmiş Maksim Medvedev deyir.
“Amma tezliklə anladıq ki, o, əla məşqçidir. İlk mövsümdə kuboku qazandıq, sonra Avropa Liqasının seçmə mərhələsində “Rusenborq”u məğlub etdik. Macəra da elə oradan başladı. Qurbanov rəhbərlikdən tam etimad qazandı və kənar müdaxiləsiz işləmək imkanı əldə etdi. Komandanı mərhələli şəkildə qurdu”, – Medvedev əlavə edir.
Buna baxmayaraq, “Qarabağ” Qurbanovun ilk Azərbaycan çempionluğunu qazanmaq üçün 2014-cü ili gözləməli oldu. Bu, klub tarixində cəmi ikinci titul idi. Ondan sonra komanda əsl mexanizmə çevrildi və son 11 mövsümün 10-unda çempion oldu. Paralel olaraq Avropada da irəliləyiş əldə edildi: müntəzəm şəkildə Avropa Liqasının qrup mərhələsində çıxış və 2017-ci ildə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.
“Qarabağ”ın uğuru Azərbaycan üçün siyasi baxımdan da böyük əhəmiyyət daşıyır. Klub ilkin olaraq Ermənistanla müharibə zamanı tamamilə dağıdılmış və Dağlıq Qarabağ bölgəsində yerləşən Ağdam şəhərini təmsil edirdi. Şəhər 2020-ci ildə münaqişəyə son qoyan razılaşma çərçivəsində Azərbaycanın nəzarətinə qayıdıb və hazırda yenidən qurulur.
“Mərhum klub prezidenti Abdolbari Gözəlin sözlərinə görə, Azərbaycan prezidenti Heydər Əliyev ondan 2000-ci illərin əvvəlində klubu xilas etməyi xahiş edib. Gözəl ciddi investisiyalar vəd edib. O, ölkədə qida məhsullarının böyük hissəsini istehsal edən “Azersun Holding”in rəhbəri idi”, – jurnalisti Elsevər Məmmədov bildirir.
“Qarabağ”ın maliyyə imkanları olsa da, bir çox rəqiblərindən fərqli olaraq, bahalı əcnəbi ulduzlara yatırım etmədi. Qurbanovun strategiyası perspektivi daha böyük olan kollektiv yaratmaq idi.
“Biz heç vaxt bahalı ulduzlar transfer etməmişik”, – Medvedev deyir. “Qurbanov üçün bütün futbolçular bərabərdir. Yeni gələnlərə tələblərini izah edir və yalnız bunu qəbul edənlər komandada qala bilir. Bizim dövrdə heç vaxt ciddi münaqişə olmadı. O, sərtdir və intizama böyük önəm verir, amma həmişə ədalətlidir. Futbolçularını qoruyur, onlara həm peşəkar, həm də şəxsi məsləhətlər verir. Hamı onu sevir və hörmət edir”.
“Qarabağ” bahalı transferlər edə bilər, amma Qurbanov heç vaxt komandadakı balansı pozmaz. Onun üçün əsas olan yalnız komandadır. O, səbirli insandır və öz fəlsəfəsinə inanır. Sisteminə uyğun futbolçuları seçir, sistemi futbolçuya uyğunlaşdırmır”, – “Record.az” saytının baş redaktoru Kənan Məstəliyev əlavə edir.
Qurbanovun futbol fəlsəfəsi barədə Medvedev deyir ki, bu, topa nəzarət və təşəbbüskar oyuna əsaslanır: “Biz oyunu idarə etməyə və mümkün qədər çox qol vəziyyəti yaratmağa çalışırdıq. Səhv etməkdən qorxmurduq. Ən güclü rəqiblərə qarşı da üslubumuzu dəyişmirdik. Xüsusilə 2020-ci ildə Varşavada “Legiya”nı 3:0 hesabı ilə məğlub etdikdən sonra hər kəsi yenə biləcəyimizi anladıq və daha da hücumameyilli oynamağa başladıq”.
Nəticələr bu yanaşmanı təsdiqləyir. “Qarabağ” Avropada bir sıra məhsuldar oyunların iştirakçısı olub. İki il əvvəl Avropa Liqasında “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub etdilər, ardınca Xabi Alonsonun “Bayer Leverkuzen”inə qarşı 1/8 finalda evdə 2:2 oynayıb Almaniyada dramatik şəkildə 2:3 uduzdular. Ötən mövsüm Bolqarıstanda “Ludoqorets”i 7:2 darmadağın etdilər.
Bu mövsüm “Qarabağ” liqa mərhələsinə “Ferentsvaroş”u iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə məğlub edərək yüksəldi. Lissabonda “Benfika”ya qarşı 0:2-dən sonra ruhdan düşməyərək 3:2 qalib gəldilər, “Kopenhagen”i 2:0 məğlub etdilər, “Çelsi” ilə 2:2 hesablı inanılmaz heç-heçə etdilər. Keçən həftə isə “Ayntraxt Frankfurt” üzərində 3:2 hesablı qələbə qazandılar.
Qurbanovdan əvvəl Azərbaycan futbol tarixinin ən tanınmış siması 1966-cı il dünya çempionatının finalında Cef Hörstun qolunu qeydə alan yan xətt hakimi Tofiq Bəhramov idi və milli stadion da onun adını daşıyır. Lakin indi “Qarabağ”ın baş məşqçisi bu siyahıda açıq fərqlə önə çıxır.
“Qurbanov Azərbaycanda əfsanədir. O, mümkünsüz görünənləri bacardı”, –Medvedev əlavə edir: “O, bizim öz Azərbaycanlı Aleks Ferqyusonumuzdur. Nə qədər istəsə “Qarabağ”da qalacaq, sonra isə karyerasını bitirəcək”.
Hazırda isə o, nailiyyətlər siyahısına Anfildə qazanılacaq tarixi qələbəni əlavə etməyi hədəfləyir.
Yazını Azərbaycan dilinə Cavid çevirdi