Siyəzən rayonunun giriş hissəsində işıqlandırma sisteminin olmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az-ın məlumatına görə, bu barədə bloqer Orxan Salman paylaşım edib.
Onun sözlərinə görə, Siyəzənə gələnlər rayonun girişində işıqlandırmanın olmaması səbəbindən istiqaməti tapa bilmirlər.
“Siyəzən şəhərinə qonaq gəlmişik, rayonu görməyib keçib getmişik. Səbəb odur ki, rayonun giriş hissəsində işıqlandırma sistemi bərbad vəziyyətdədir. Siz görməsəniz də, bax, burada saat var. Bilmirəm, bu rayonu itirmək,yoxa çıxarmaq istəyirlər. Burada bir maşın var, səhərdən fırlanır, çıxışı tapa bilmir. Bu, çox biabırçı vəziyyətdir. İşıqlandırma sisteminin zəif olması burada qəza şəraiti də yarada bilər. Ümid edirəm, mənim çəkilişimdən sonra bu məsələyə baxılacaq və rayonun girişinin işıqlandırma sistemi bərpa olunacaq”,-deyə bloqer bildirib.
Məsələ ilə bağlı Siyəzən Bələdiyyəsi ilə əlaqə saxladıq. Qurumdan
Bakupost.az -a bildirildi ki, sözügedən ərazi magistral yolun bir hissəsidir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərmişik.
Lalə Novruz, BakuPost