Sosial şəbəkələrdə adam tutduranlar kimlərdir? – VİDEO
0
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 31-ci buraxılışının yazılı variantını təqdim edir.
Trampın ümidinə qalan dünya...
– Polşanın baş naziri bildirib ki, yaxın yüz gün ərzində Ukrayna-Rusiya müharibəsində ciddi irəliləyiş, hətta sülh əldə eləmək mümkündür və bu iş üçün dünyanın ən nüfuzli iki nəfərindən biri Donald Trampdır. Təbii, bu məsələ həm də Polşa ərazisinə Rusiya qırıcılarının keçməsi ilə bağlıdır. Orada haqlı və ciddi narahatlıqlar var. Şəxsən mən Polşanın baş nazirinin Trampa bu qədər güvəndiyinə inanmıram. Sadəcə diplomatik gediş edir, bir növ onu yükə salır. Çünki son günlər dünyada baş verənlərə münasibətdə Trampın yenə də qeyri-stabilliyini görürük. Gah publika qarşısında İrana açıq söyüş söyür, gah da vaxtı ilə az qala Ağ Evdən qovduğu Zelenski haqqında “onunla görüşmək mənim üçün şərəfdir” deyir.
Bir yazıçı dostum bir dəfə dedi ki, Tramp hakimiyyətə gələndən sonra bütün dünyadan əlimi üzmüşəm. Mənə elə gəlir, yazıçı dostum Donald Trampı Polşanın baş nazirindən daha yaxşı tanıyır.
Gənc rus aktyor Putinə səsləndi...
– Həmişə deyirik, Tolstoyun, Dostoyevskinin Rusiyasında bir sənət, bir elm, bir mədəniyyət adamı tapılmır ki, Ukrayna müharibəsinə etirazını bildirsin, Putinin siyasətinə qarşı çıxsın. Nəhayət, belə bir adam rastımıza çıxdı. Bu, Aleksey Yarmuşçik adında iyirmi beş yaşlı gənc bir aktyordur və məşhur serialların birində baş rol ifaçısıdır. O öz İnstaqram səhifəsində Rusiya prezidentinə müraciət edərək bildirib ki, sən mənim prezidentim deyilsən, Krım isə Rusiya ərazisi deyil! Dolayısı ilə demək istəyir ki, Krım uğrunda müharibənin aparılması və bu qədər qanın tökülməsi sizin heç də uğurlu siyasətiniz deyil. Öz çıxışında o, sənət adamlarının, yaxın çevrəsində heç kimin Putini dəstəkləmədiyini bildirib.
İndi bütün ekspertlər və media nümayəndələri Yarmuşçikin taleyindən narahatdır. Çünki mafiya qanunları ilə işləyən hakimiyyət bu cür azad fikirli insanlarla çox sərt davranır, bəzən belə çıxışlar onların həyatı bahasına başa gəlir. Mən də bu çıxışı dinləyəndə aktyorun cəsarətini və obyektivliyini alqışladım. Düşündüm ki, Rusiyanı nə qədər çökürtməyə çalışsalar da, içindəki o ədalət duyğusu, o humanizm ruhu axıracan ölməyəcək və bir gün on minlərlə, yüz minlərlə insan bu cür cəsarətli insanların ərtrafında birləşib qəddar hakimiyyətə öz təzyiqini göstərəcək. İndi isə bizə yalnız dua etmək qalır: Allah Yarmuşçikə kömək olsun.
Sosial şəbəkələrdə adam tutduranlar...
– Demək olar ki, hər həftə bir sosial şəbəkə istifadəçisinin, yaxud tiktokerin həbs xəbəri ilə rastlaşırıq. Bu həftə də Üzeyir Abas adında Feysbuk istifadəçisinin həbs olunması xəbərini oxudum. Düzü, dostluğumda olsa da, mən bu adamı tanımamışam. Halbuki özünü yazıçı-publisist kimi təqdim edir. Nədənsə heç dinlə bağlı qalmaqallı fikirləri də rastıma çıxmayıb. Görünür, maraq dairəmiz fərqli olduğundan alqoritm bizi, təbii olaraq, qarşılaşdırmayıb. Onu həbsindən sonra tanıdım və səhifəsinə baxdım. Paylaşımında doğrudan da çox vulqar söhbətlər vardı və mən belə yanaşmaları heç cür qəbul etmirəm. Lakin bütün hallarda bir yazı adamının, klaviatura ilə işləyən birinin həbsi xəbəri məni təsirləndirir. Çox pis oluram. İstəmirəm belə hallar baş versin. Eyni zamanda, sosial şəbəkə istifadəçilərinin kiminsə ünvanına açıq-aşkar həbs çağırışlarını da başa düşmürəm. Üstəlik, o istifadəçi özü qələm adamıdırsa, söz adamıdırsa... Bu hansı duyğudur, bu hansı hissdir? Bir dindarın məhkəməyə müraciətini başa düşmək olar. Hətta daha böyük iğtişaşın yaranmaması üçün kiminsə təcrid edilməsi də anlaşılandır. Lakin ağlı başında birinin sosial şəbəkələrdən birbaşa başqa birinin həbsinə çağırış etməsinə heç bir izah tapmıram. Bu mənə ötən əsrin 30-cu illərinin repressiya mühitini xatırladır. O vaxt da insanlar biri-birini satır, biri-birinin üzünə dururdu. Silahı söz olan birinə həbsə qədər yüz cür təsir göstərmək imkanı var. Yaxınları danışar, ictimai qınaq ola bilər, lap müvafiq orqanlar ilkin söhbətlər apara bilər və s. Həbs ən son, ən qəddar qərardır. Və bu qəddar qərarı sözlə işləyən insanlar sözlə işləyən insanlara qarşı tələb edirlər. Mənə ən çox təsir edən budur. Biz unutmamalıyıq – bir gün bizimlə də razılaşmayıb həbsimizi tələb edən tapılar. Beləliklə, çox pis bir ənənə yaranar. Qarşında kim olur-olsun, fikrinə mümkün qədər dözümlə yanaşmalıyıq. Təbii, təhqir istisnadır. Lakin təhqirin sərhədlərini də müəyyən etmək asan deyil. Təkrar edirəm, heç bir halda həbsə çağırışı qəbul edə bilmirəm. Bəlkə də, bu, ötən əsrin repressiya illərində bu cür donosların hesabına dəyərli qələm adamlarının güdaza getməsi ilə bağlı içimdə qalan qorxudur.
Elşad Xosenin sirri...
– Tanınmış reper Elşad Xosenin Maştağadakı psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayıldı, lakin xəbər nə təsdiqini tapdı, nə inkarını. Səhiyyə Nazirliyinin məsul işçisi də qanunvericilikdə nəzərdə tutulan anonimliyi qorumaq naminə məsələyə münasibət bildirmədi. Bununla da şayiə və dedi-qodular daha da çoxaldı. Söz-söhbtin mabədində dayanan fikir isə bu idi: Elşad bəy müxalif fikirlər səsləndirdiyi üçün başına belə bir iş gəlib. Onu şəxsən tanıyanlar isə məlum asılılığının şiddətləndiyini, qohum və yaxınlarını çox incitdiyini və onların təşəbbüsü ilə belə bir addım atıldığını yazırlar.
Şəxsən mənim üçün burada qeyri-adi heç nə yoxdur. Dünyada belə hadisələr çox olur. Bəzi istedadlı insanların həyatı müxtəlif ziq-zaqlardan keçir. Mənim üçün problem insanların şübhə içində qalması, yayılan xəbərlərin obyektivliyinə inanmaması və məlumatsızlıq mühitinin bu vəziyyəti daha da şiddətləndirməsidir. İllah da hüququ mühafizə orqanlarına qanunla insanları psixiatriya xəstəxanalarına göndərmək səlahiyyəti verildiyi bir vaxtda...
Qəribədir, reperin yaxınları və qohumları da bu barədə heç nə danışmırlar.
Bundan da qəribəsi, Elşad Xosenin bir il öncə dostumuz Ulvira xanımla söhbətində dediyi cümlədir. Jurnalistin “indi deməyə sözünüz yoxdur?” sualına belə cavab verir: “Mən indi nəsə desəm, məni şizofreniya xəstəsi sayacaqlar!”
Milli kinomuzun faciəsi...
– Qarşıdan 2 avqust – Milli Kino günü gəlir. Bəs biz kino gününü necə qarşılayırıq? Çox bərbad! Bildiyiniz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayının nəticələrini Ədliyyə Nazirliyi tanımadı. Namizəd Əli İsa Cabbarov sədr postuna gələ bilmədi. O, sosial mediaya verdiyi açılamada deyir ki, ittifaqın maliyyə fəaliyyəti bloklanıb, internet üzərindən heç bir iş görə bilmirlər, beləliklə, təşkilat de-yuri də, de-fakto da iflic vəziyyətindədir və bağlanmağa doğru gedir. Növbəti qurultayın keçirilməsi üçün nəzərdə tutulan iclas da baş tutmur. Əli İsa bəyin dediyinə görə, ona ciddi təzyiqlər var. İdarə heyətinin iclasını pozanlar da məlumdur. Onlar keçmiş sədr, Xalq artisti Şəfiqə Məmmədovanın ətrafında birləşən tanınmış kino adamlarıdır.
Ümumi fikrim yenə də dəyişmir: sovetdən qalan yaradıcı təşkilatlar zamanla ayaqlaşmır və özünü doğrultmur. Mənə görə, onları nə qədər tez bağlayıb, müasir sistemə keçsək, o qədər çox udarıq.
Lakin bizim əlavə problemlərimiz də var. Azərbaycanda heç kim kino çəkmək istəmir. Hamı ilk növbədə kinoya ayrılan pullar, ikinci növbədə onun kimlər arasında necə bölünməsi haqda düşünür. Film çəkmək ən yaxşı halda üçüncü, dördüncü dərəcəli məsələdir. Həqiqi film çəkmək istəyənlər barmaq sayı qədər azdır və onların əlində heç bir səlahiyyət yoxdur. Ona görə Azərbaycan kinosu da onun ədəbiyyatı kimi şikəst gündədir.
Kino xadimləri nəinki qurultay, hətta qurultayqabağı adi bir iclas da keçirə bilmirlər və dava yorğan davasıdır. Gəlin, fikrimi daha aydın izah etmək üçün Ermənistanla balaca bir anologiya aparım. Ermənistanın məğlub, Azərbaycanın qalib olduğu 44 günlük müharibədən ermənilər 24 film çəkib. Bu sadəcə statistika deyil. Söhbət beynəlxalq müsabiqə və festivallarda ciddi yer tutan, boy göstərən ekran əsərlərindən gedir. Bəs bizdə niyə belə səs salan filmlər yoxdur? Səbəb çox sadədir. Çünki Ermənistan kinonun inkişafı üçün qərb modelini tətbiq edir. Dövlət qrant layihələri ilə dəstək verərək, yaradıcı insanların işinə qarışmır. Onların dünyanın müstəqil kino müəssisələri ilə rahat işləməsinə şərait yaradır.
Öz təbirimcə desəm, ermənilərin yeganə uğuru onların film çəkmək istəməsindədir. Bir sahədə uğur qazanmaq üçün ilk növbədə onu istəməlisən.
Lakin mənim “onsuz da düzələn deyilik” kontekstində fikrimi bilmək istəyirsinizsə, birmənalı şəkildə Əli İsa Cabbarovun tərəfdarıyam. Çünki o ən azı ona mane olan sovetdən qalma titullu yaşlılardan fərqli olaraq nə etmək lazım olduğunu bilir. Müasir düşüncəli insandır. Mütərəqqi yeni nəsil onun ətrafında birləşib.
Digər yaradıcı təşkilatlarda da heç olmasa bu proses getməlidir, söz yeniliyə, mütərəqqiliyə verilməlidir ki, heç olmasa məğlub ermənilərin 24 filminə qarşı 4 film çəkə bilək.
Bu qədər imkanla, bu qədər mövzuyla, bu qədər pulla...