Bakının Yasamal rayonunda aparılan bina tikintisi piyada səkisinin bərbad vəziyyətə düşməsinə səbəb olub.
“Bakupost” xəbər verir ki, Balababa Məcidov küçəsi ilə Zivərbəy Əhmədbəyov küçəsinin kəsişməsində çəkilən görüntülərdə yeni tikilən binanın ətrafındakı səkinin aqlay daşlarının qopduğu görünür.
Bu barədə jurnalist Tural Müseyibov paylaşım edib.
T. Müseyibov deyir ki, səkinin bu vəziyyətdə olması xüsusilə uşaq arabası ilə hərəkət edənlər, yaşlılar və uşaqlar üçün ciddi çətinlik yaradır. O, aidiyyəti qurumların problemi diqqətdən kənarda saxladığını bildirib:
“Burada bina tikirlər. Camaat küçənin ortası ilə gedib-gəlir. Çünki səki yararsızdır. Uşaq arabası ilə keçmək mümkün deyil. Görün, bura nə gündədir. Bu binanı tikirsiniz, bəs niyə mühafizə zolağı yoxdur? Açıq qalıb, yarımçıqdır. Bəlkə də tikinti dayandırılıb. Bəs bu yolu niyə belə saxlayırsınız? Yaşlı insanlar, uşaqlar, qadınlarkeçir.
Biz maşındayıq, bunu görmürük. Bəs bu binanı tikənlər, bu yolu çəkən, ay İcra Hakimiyyətinin rəsmiləri... Vətəndaşlarla görüşürsünüz, qıraqdan kimsə sizi çəkir, paylaşırsınız, təqdimatlar edirsiniz, görüntü yaradırsınız e. Gəlin, burada da gəzin. Bəs yağış yağanda nə olacaq? Niyə belə laqeyd davranırsınız?”.
Lalə, BakuPost