Sabah Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək. Tərəflər arasında danışıqlar noyabrın 11-nə kimi davam edəcək.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ administrasiyası Ukrayna ilə bağlı qarşıdan gələn danışıqlarda müəyyən nəticələr əldə ediləcəyini gözləyir.
"Bəlkə də sabah Əbu-Dabidə müəyyən irəliləyiş əldə edə bilərik".
ABŞ Prezidenti Donld Tramp da görüşlə bağlı ümumən optimist yanaşma sərgiləyir.
Reallıqda sabahkı görüşdən nə gözləmək olar?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
“Bakupost”a bildirib ki, Əbu-Dabi görüşündə nəticə əldə edilməsi üçün Rusiyanın mövqeyində ciddi dəyişiklik olmalıdır:
“Rusiya ən azından atəşkəsə razılaşmalıdır. Amma Rusiyanın bu istiqamətdəki siyasətində dəyişən heç nə yoxdur. Rusiya Əbu-Dabiyə heç böyük nümayəndə heyəti də göndərməyib”.
Ekspert hesab edir ki, hazırki danışıqlarda əsas nəticə atəşkəs ola bilərdi, amma o da üfiqdə görünmür:
“Amma Rusiya Donbası tam işğal etməmiş atəşkəsə razılaşmır. Ukrayna isə Donbasın bir hissəsini nəzarətdə saxlamaqla yanaşı, işğalla barışmayacağını bəyan edir. Ona görə də, Əbu-Dbi dialoqu prosesdə meəyyən müsbət məqam kimi qiymətləndirilsə də, belə görüşlər əvvəllər də olub və nəticə verməyib. Nəticənin olması üçün Rusiyanın mövqeyində dəyişiklik olmalıdır ki, bu da ortada yoxdur. Ukrayna isə ərazilərinin bir hissəsini itirsə də, atəşkəsə hazırdır”.
Rüfət Sultan,
BakuPost