Şimali Amerika və Avropada yayılan koronavirusun PJ.2.1 variantı qrip və soyuqdəyməyə bənzər simptomlarla müşayiət oluna bilər.
"Bakupost" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri məlumat veriblər.
ÜST-dən bildirilib ki, yalnız simptomlara əsaslanaraq xəstəliyə hansı tənəffüs virusunun səbəb olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Bəzi hallarda düzgün müalicə taktikasının seçilməsi üçün laborator müayinələrə ehtiyac yarana bilər.
Təşkilatın açıqlamasına görə, hazırda PJ.2.1 variantının digər COVID-19 variantlarından fərqli simptomlara və ya daha ağır xəstəliyə səbəb olduğunu təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.
ÜST vurğulayıb ki, PJ.2.1 koronavirusun ayrıca bir növü deyil, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun yeni variantıdır.
Təşkilat yeni variantın dünya üzrə yayılma riskinin artdığını və vəziyyətin diqqətlə izlənildiyini də bildirib.
İnfeksionist və virusoloq, tibb elmləri doktoru Yelena Malinnikovanın sözlərinə görə, PJ.2.1 variantı zamanı güclü boğaz ağrısı və xəstəlikdən sonra uzun müddət davam edən halsızlıq müşahidə oluna bilər.
Lalə, BakuPost