“Broadcom” şirkətinin baş direktoru Hok Tan süni intellekt sahəsinə investisiya yatıran investorların çoxunu kazino oyunçularına bənzədib. Son zamanlar, süni intellekt investorları ilə bağlı bu cür açıqlamaların sayı artmaqdadır.
Bu fonda süni intellekt sahəsinə böyük həcmdə investisiyaların yatırılması bu sahənin gəlirliliyi və bazarda maliyyə köpüyünün yaranması ehtimalı ilə bağlı müzakirələri artırır. İnvestorların qərarlarının nə dərəcədə real iqtisadi göstəricilərə, nə dərəcədə gələcəklə bağlı gözləntilərə əsaslandığı diqqət mərkəzindədir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli
“Bakupost”a bildirib ki, ABŞ-nin “Broadcom” şirkəti dünyanın ən böyük çip istehsalçılarından biridir və şirkətin rəhbəri süni intellektə yatırılan investisiyalarla bağlı açıqlama verərkən nə dediyini yaxşı bilir.
İqtisadçı qeyd edib ki, burada əsas məsələ süni intellekt sahəsinə yatırılan kapitalın hansı əsaslarla yönəldilməsidir. Onun fikrincə, bu sahəyə axan vəsaitlərin böyük hissəsi investorların konkret süni intellekt şirkətlərinin gəlirliliyini dərindən təhlil etməsinə əsaslanmır. İnvestorlar daha çox bu sahənin gələcəkdə böyüyəcəyi, şirkətlərin dəyərinin artacağı və böyük gəlirlər gətirəcəyi gözləntisi ilə hərəkət edirlər.
“Sadəcə yaxşı perspektiv olacaq, bu sahə varlanacaq, bahalaşacaq və sair. Yəni ciddi təhlillər, ciddi analizlər əsasında yatırım edilmir. Sadəcə baxırlar, keçən il artıb, demək, bu il də artacaq, gələn il də arta bilər”, – deyə Xalid Kərimli bildirib.
İqtisadçının sözlərinə görə, nəticədə konkret göstəricilərlə əsaslandırılmayan vəsait axını yaranır. O hesab edir ki, “Broadcom” rəhbərinin bu cür investisiyaları riskli adlandırmasının səbəbi də investorların ciddi təhlil aparmadan, ümumi yüksəliş və maliyyə köpüyü fonunda həm gəlir əldə etməyə çalışmaları, həm də bu sahəyə vəsait yatırmalarıdır.
İnvestorların şirkətlərin real gəlir potensialını bazardakı şişirdilmiş gözləntilərdən necə ayırmalı olması ilə bağlı sualın cavabında isə Xalid Kərimli fərdi maliyyə tövsiyələrinin mütəxəssislər tərəfindən verilməli olduğunu bildirib. Onun sözlərinə görə, vəsaiti olan şəxslər maliyyə məsləhətçisi cəlb edərək investisiyalarını idarə edə bilərlər.
Vüsalə Hüseynova,
BakuPost