Ru
13:38 / 25 Oktyabr 2019

Teatra ləbbeh çalan tənqidçilər - Günel Musa

4545

Daşdan səs çıxdı, onlardan yox...

Teatr sənətinin əsas sütunları rejissor, dekorasiya, mətn, səhnə və aktyordursa, bu sütunlardan birini də teatr tənqidçisi təşkil edir.
Tənqid isə teatrı, aktyoru inkişaf etdirən, gözəlləşdirən, qətiyyətli, cəsarətli olmağa təşviq edən, ruhlandıran, eyni zamanda da motivasiya edən hərəkətverici qüvvə olaraq görülməlidir.

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, tənqidçinin səmimiliyi və dürüstlüyü teatrın inkişafı üçün çox vacibdir. Tənqidçi qiymətləndirmə və düşüncələrini irəli sürmək üçün cəsarət göstərməli, hətta bu yolun sonunda tək qalmağı belə gözə almalıdır. Düşüncələrinin bəzi sənətkarların qəzəbinə səbəb ola biləcəyindən ehtiyat etməməlidir. Çünki qəzəb müvəqqətidir. Sərt tənqidə məruz qalan sənətkar başqa bir səhnə əsərində həmin tənqidçinin tərifini də qazana bilər.

Günlərdir, Azərbaycan Teatr Xadimləri İttifaqı ətrafında böyük bir qalmaqal yaranıb. İki böyük sənətkar üz-üzə qalıb. İttihamlar, təhqirlər havada uçuşur. Akademik Milli Dram Teatrının 100 illiyi ərəfəsində bu boyda skandal yarandı, İttifaqı tərk edən aktyorlar oldu, TXİ-nin sədri yenidən Azər Paşa Nemətov seçildi, amma bütün bu teatral hadisələrin fonunda daşdan səs çıxdı, teatr tənqidçilərimizdən səs çıxmadı.
Azərbaycanda onsuz da teatr tənqidçisi çox deyil. Olanlar da “Susmaq qızıldır” prinsipi ilə ömrü başa vurmaqdadır. Aktyorlarla, rejissorlarla dostluq münasibətləri fəaliyyət göstərməli olduqları sahəyə sözün əsl mənasında duman kimi çöküb. Halbuki tənqidçi işini görərkən duyğularına qapılarını bağlamalı və öz işində nə qədər parlaq olduğunu göstərməlidir. Şəxsi münasibətlər tənqidçiyə maneə olmamalıdır. “Son illərdə hansı teatr tənqidçisinin sərt, bitərəf tənqidi yazısına rast gəlmisiniz”sualına yəqin ki, cavab tapmaq üçün hafizəmizdə bir xeyli gəzişməli olarıq.

Sənətkarların ən çox deyindiyi ana mövzu budur: “Azərbaycanda teatra tamaşaçı axını yoxdur”. Bəs bu mühiti formalaşdırmaq üçün nə etmək lazımdır? Ancaq afişalar, informasiyalar yetərlidirmi? Bu mühiti formalaşdırmaq üçün, həm də tamaşalar haqqında tənqidi yazılar yazılmalı deyilmi? Tamaşaçını maraqlandırmaq, o tamaşaya getməyə vadar etmək lazımdır. Ancaq tərif, ancaq mədhiyyə… Bəs nə zaman tənqid?

Yaxşı, tərəfsiz bir teatrşünasın verdiyi konstruktiv qiymətləndirmənin teatrı irəli apardığı danılmaz bir həqiqətdir.

Əslində, tənqidçinin həm də öz-özünü tənqid mexanizmi olmalıdır. Başqaları kimi özü ilə də hesablaşmalıdır. Bizdə isə nə ondan var, nə bundan.

Teatr haqqında cild-cild kitablar yazan teatrşünas İlham Rəhimliyə teatr ətrafında baş verən hansı qalmaqalla bağlı sual verirsən deyir, mən o mövzuda danışmaq istəmirəm. Niyə axı? Bəs kim danışsın, kimi danışdıraq? Necə anlayaq ki, bu boyda hay-həşirin səbəbi nədən, hardan qaynaqlanır? Suallarımız çoxdur, amma təəssüf ki, bu suallarımıza cavab verəcək mütəxəssislər samanlıqda iynəyə dönüb.

Tənqid yoxdur, deyə teatrımız da inkişafdan qalıb. Bu xaotik vəziyyəti aradan qaldırmaq üçün isə heç kim nə əlinə, nə dilinə əziyyət verməyi düşünmür.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər