Ru
15:45 / 13 May 2026

Tehranın Küveytə hücumu: SEPAH yeni müharibə axtarır?

Tehranın Küveytə hücumu: SEPAH yeni müharibə axtarır?
Eye

İran deyəsən, artıq öz ərazisini müdafiə etməklə kifayətlənmək niyyətində deyil.

Ən azından SEPAH-ın son hərəkəti belə bir qənaətə gəlməyə əsas verir.
Dünya mediasında SEPAH-ın Küveyt ərazisinə girdiyi iddia olunur.

Bu barədə BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan da açıqlama yayıb.

Onun sözlərinə görə, SEPAH üzvləri Bubiyan adasına terror planı həyata keçirmək məqsədilə daxil olublar.

Bin Zayed bu addımı qanunsuz müdaxilə kimi qiymətləndirib və BƏƏ-nin yaranmış vəziyyətdə Küveytlə tam həmrəy olduğunu vurğulayıb.

Maraqlıdır, bu proses nə ilə nəticələnə bilər?

Siyasi şərhçi Abutalıb Səmədov Bakupost.az-a bildirib ki, İranın 6 hərbçisinin Küveyt ərazisinə keçməsi və orada həbs olunması elə ciddi hadisə deyil ki, ABŞ ilə İran arasında müharibə məhz bu səbəbdən yenidən alovlansın:

“Məhz bu olayın müharibənin yenidən alovlanmasına gətirib çıxaracağını düşünmürəm. Amma bəllidir ki, tərəflər arasında danışıqlar onsuz da pozulub. İranın 5 tələbi ABŞ tərəfindən qəbuledilməz sayılıb. Nəticədə Ağ Evdə İrana yeni zərbələrin endirilməsi məsələsi gündəmə gəlib”.

Ekspertin sözlərinə görə, Trampın geri çəkilməyə yolu yoxdur:

“Trampın Çin səfərindən sonra Pekin tərəfindən İrana zəruri təzyiqlər edilməsə və Tehran ABŞ-nin şərtlərinin ən mühümlərini qəbul etməsə, hərbi əməliyyatlar yəqin ki, davam etdiriləcək. Yəni gərginlik belədə artan istiqamətdə gedəcək. Qısa müddətə olsa da, İranı əvvəlki ilə müqayisədə daha ağır zərbələr gözləyir”.

Həmsöhbətimizin fikrincə, prosesin növbəti mərhələdə necə cərəyan edəcəyi SEPAH-ın kiçik dəstəsinin Küveyt adasına keçməsi deyil, böyük mənada Trampın Çinə səfərindən asılıdır:

“Pekində ortaq məxrəcə gəlsələr, müharibə olmayacaq. Hər iki tərəf qarşılıqlı kompromislərə getməlidir. Çin bunu bacarmasa, hərbi əməliyyatlar yenidən alovlanacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar