Ru
10:03 / 21 Sentyabr 2019

Terroru maliyələşdirməkdə təqsirləndirilən şəxs: “Moskvadan və başqa ölkələrdən gələn pullar da sədəqə olub”

1488

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Bakupost.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən Sahil İbrahimov ifadə verərək qardaşı Samirin Suriyaya getdiyini bildirib:



"Qardaşım Suriyadan zəng edirdi ki, kimlərinsə ona borcu var. Deyirdi ki, həmin adamlar pulu gətirib sənə verəcək. Mən də həmin pulları götürürdüm. Sonra pulları başqa şəxslərə, bir-iki dəfə də qardaşıma göndərmişəm”



Suallara cavab verən Samir İbrahimov qardaşının pulları haradan almasına belə aydınlıq gətirib: "Qardaşımın Qaraçuxurda mağazası var idi. Sonra maşınını da satdı. Nisyə mal verdiyi adamlar çox idi. Onlar pulu mənə verirdi".



Daha sonra təqsirləndirilən Namiq Məmmədov deyib ki, digər təqsirləndirilən şəxsləri tanımır.



O, bir neçə nəfərdən pul aldığını, ayrı-ayrı şəxslərə verdiyini deyib. Bildirib ki, həmin pullar sədəqələr olub: “Xahiş ediblər, götürüb başqa adamlara çatdırmışam. Moskvadan və başqa ölkələrdən gələn pullar da sədəqə olub. Bakıda ehtiyacı olan ailələrə vermişəm".



Hakim digər təqsirləndirilən İlqar Ağayevə ifadə verməyi təklif edib. Lakin əvvəlki proseslərdə də olduğu kimi bu dəfə də İlqar özünü anormal şəkildə aparıb, deyilənləri başa düşmədiyini deyib.



Onun istintaqa verdiyi ifadə elan edilib.



İlqar Ağayev ifadəsində Suriyaya pul göndərdiklərini, həmin məbləği ayrı-ayrı şəxslərdən aldıqlarını deyib.



Qeyd edək ki, ittihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib. Qeyd olunub ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər.



İttihamda göstərilib ki, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İ.Ağayev də bu vəsaitləri toplanan başqa pulların üstünə qoyaraq, Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda isə 75 min dollar pul göndəriblər.



Adları çəkilən üç nəfərə qarşı CM-nin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. İlqar Ağayevə isə bundan əlavə, CM-nin 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silahəldə etmə, gəzdirmə və ya satma) maddəsilə də ittiham verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər