Ru
15:54 / 14 May 2026

Türkiyə yeni hərbi blokda: İslam dünyasının “NATO-su” yaradılır?

Türkiyə yeni hərbi blokda: İslam dünyasının “NATO-su” yaradılır?
Eye

Türkiyə yeni bir müdafiə sazişində yer ala bilər. Söhbət ötən il Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanan qarşlıqlı strateji müdafiə sazişindən gedir.

Xəbər verdiyimiz kimi, Pakistanın müdafiə naziri Xavaca Asif deyib ki, sözügedən müdafiə sazişi Türkiyə və Qətəri də əhatə etməklə genişləndirilə bilər.

Onun sözlərinə görə, Qətər və Türkiyənin sözügedən müqavilənin bir hissəsi olması ilə bölgənin iqtisadi və müdafiə sahəsində xaricdən asılılığı da minimuma enəcək.

Siyasi şərhçi Vüqar Ziferoğlu Bakupost.az-a bildirib ki, Türkiyənin belə bir sazişdə iştirakı mümkündür və NATO üzvlüyü buna hüquqi baxımdan birbaşa maneə yaratmır:

“Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış “Strateji Qarşılıqlı Müdafiə Sazişi”nin Türkiyə və Qətəri də əhatə edə biləcəyi ilə bağlı açıqlamalar son günlər Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşdığı barədə müzakirələri gücləndirib. Türkiyə də burada yer ala bilər. NATO-nun əsas prinsipinə görə, üzv dövlətlər başqa regional təhlükəsizlik və müdafiə platformalarında da iştirak edə bilər. Türkiyənin indiyə qədər həm Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıqları, həm Pakistanla ikitərəfli müdafiə layihələri, həm də Qətərdə hərbi bazası bunun nümunəsidir”.

Həmsöhbətimizin sözlərinə görə, burada əsas məsələ həmin sazişin NATO-nun kollektiv təhlükəsizlik prinsipləri ilə ziddiyyət təşkil edib-etməməsidir.

Ekspert qeyd edir ki, Ankara üçün bu format bir neçə mühüm strateji üstünlük yarada bilər:

“Türkiyə artıq uzun illərdir ki, Qərbdən tam asılı olmayan çoxqütblü təhlükəsizlik modeli qurmağa çalışır. Xüsusilə son dövrlərdə ABŞ və Avropa ilə münasibətlərdə yaşanan gərginliklər Ankaranı alternativ regional ittifaqlara daha açıq edir. Pakistan və Səudiyyə Ərəbistanı ilə yaradılacaq platforma Türkiyəyə həm Körfəz regionunda təsir imkanlarını genişləndirmək, həm də müdafiə sənayesini yeni bazarlara çıxarmaq imkanı verər”.

V. Ziferoğlu düşünür ki, bu konfiqurasiya yeni regional güc mərkəzi yaradılması baxımından da əhəmiyyətlidir:

“Burada ciddi iqtisadi və texnoloji sinerji formalaşa bilər. Türkiyə hərbi texnologiya və pilotsuz uçuş aparatları sahəsində böyük istehsal gücünə malikdir. Pakistan nüvə silahına sahib yeganə müsəlman dövləti və ciddi hərbi insan resurslarına malik ölkədir. Səudiyyə Ərəbistanı və Qətər isə böyük maliyyə resursları təqdim edir. Bu kombinasiya yeni regional güc mərkəzi yarada bilər”.

Lakin müsahibimiz burada ciddi risklər və məhdudiyyətlərin olduğunu da söylədi. Onun fikrincə, ən mühüm problem İran faktorudur:

“Türkiyə İranla rəqabət aparsa da, tam qarşıdurma siyasəti yürütmür. Ankara Tehranla enerji, ticarət və regional balans baxımından münasibətləri qorumağa çalışır. Əgər bu ittifaq açıq şəkildə anti-İran platformasına çevrilərsə, Türkiyə ehtiyatlı davranmağa məcbur olacaq. Digər məsələ NATO faktorudur. Hüquqi maneə olmasa belə, ABŞ və bəzi Avropa dövlətləri Türkiyənin NATO daxilində qalaraq paralel “İslam təhlükəsizlik bloku”nda aktiv iştirakını şübhə ilə izləyə bilər. Xüsusilə Pakistanın nüvə potensialı və Səudiyyə Ərəbistanının regional ambisiyaları Qərbdə narahatlıq yaradır”.

Siyasi şərhçi zənn edir ki, bu sazişin real hərbi ittifaqa çevrilməsi də asan məsələ deyil:

“NATO kimi effektiv kollektiv müdafiə sistemi yaratmaq üçün vahid komanda strukturu, inteqrasiya olunmuş müdafiə sənayesi, ortaq siyasi iradə və uzunmüddətli strateji koordinasiya lazımdır. Hazırda isə bu ölkələrin maraqları tam üst-üstə düşmür. Məsələn, Türkiyə ilə Səudiyyə Ərəbistanı son illərdə yaxınlaşsa da, İslam dünyasının liderliyi məsələsində rəqabət elementləri qalır. Bu səbəbdən yaxın perspektivdə daha çox müdafiə sənayesi əməkdaşlığı, ortaq hərbi təlimlər, kəşfiyyat paylaşımı, enerji və logistika təhlükəsizliyi, pilotsuz sistemlər və raket texnologiyaları üzrə koordinasiya kimi sahələrdə əməkdaşlığın genişlənməsi ehtimalı daha yüksək görünür. Yəni hazırda söhbət tam hüquqlu “İslam NATO-su”ndan çox, regional təhlükəsizlik və strateji koordinasiya platformasının formalaşmasından gedir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar