Ankara məhkəməsi Türkiyənin aparıcı müxalifət partiyası CHP ilə bağlı qalmaqallı qərar verib.
Qərara əsasən, CHP-nin 2023-cü ildə keçirilən qurultayının nəticələri ləğv edilib.
Məhkəmənin 36-cı Mülki İşlər üzrə Kollegiyası CHP qurultay işini “tamamilə etibarsız” hesab edib. Qərara görə, CHP-yə rəhbərlik edən Özgür Özəl və onun administrasiyası müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılır, Kamal Kılıçdaroğlu və onun administrasiyası isə yenidən vəzifələrinə qaytarılır.
Politoloq Qabil Hüseynli
Bakupost.az-a bildirib ki, məsələnin kökündə CHP-nin istefaya göndərilmiş sədri Özgür Özəl ətrafında qalmaqal yaratmağa hesablanmış addım dayanır:
“Bu həm də Ərdoğanın hakim partiyası ilə CHP arasındakı rəqabətdən qaynaqlanan bir hadisədir. Özələ qarşı hansısa kompromant var ki, bundan istifadə edib onu siyasətdən uzaqlaşdırmağa çalışırlar. Belədə partiyada daxili siyasi intriqa və parçalanmalar baş alıb gedəcək. Bu isə CHP-nin gücünə böyük zərbə vuracaq”.
Siyasi şərhçi Arif Əliyev qeyd edir ki, CHP ətrafında baş verənlər heç də yeni deyil:
“Bu planı hakim partiyanın hazırladığı barədə əvvəlcədən məlumat vardı. CHP-ni faktiki olaraq iflic vəziyyətinə salmaq üçün hər şey edilir”.
Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə hər şey CHP-nin problemdən çıxmaq üçün hansı taktikanı seçməsindən asılı olacaq:
“İndilikdə isə CHP çətin durumdadır. Məhkəmənin qərarı bir tərəfdən hüquqi boşluq yaradır, digər tərəfdən isə bu müddət ərzində qəbul edilən qərarların necə olacağı, onlara əməl olunu-olunmayacağı, yoxsa prosesə yenidən baxılıb-baxılmayacağı məsələsində müəmmalar yaradır. Bu isə o deməkdir ki, təşkilatın böyük hissəsində, xüsusən də bölgələrdə anlaşılmaz şərait hökm sürəcək. Belədə, həm CHP, həm də Türkiyə əhalisinin böyük hissəsi dilemma qarşısında qalır”.
Müsahibimizin fikrincə, bu hadisə CHP daxilində parçalanmalara gətirib çıxaracaq:
“Bu gözləniləndir. Onun olub-olmaması partiyanın mövcud vəziyyətdə hansı taktikanı seçəcəyindən asılıdır. CHP mövcud vəziyyətdə iki taktikanı seçə bilər. Ya etiraz dalğasına start verə, ya da mövcud imkanlar daxilində, hüquqi prosedurlardan istifadə etməklə, yaradılan maneəni aradan qaldırmaq yolunu seçə bilərlər. Çox şey isə partiya liderlərinin mövqeyindən asılı olacaq”.
Rüfət Sultan, BakuPost