Ukrayna bu gün də Rusiya kimya zavodlarından birinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Bakupost.az Rusiya xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Perm vilayətində yerləşən “Metafrax Kemikals” kimya zavoduna PUA hücumu həyata keçirilib. Qubaxa şəhərində baş verən hadisə Rusiya rəsmiləri tərəfindən təsdiqlənib.
Araşdırma zamanı hücumun məhz “Metafrax Kemikals” zavodunu hədəf aldığını məlum olub. Ukrayna yönlü “Telegram” kanallarında yayımlanan fotoşəkillərin geolokasiyası göstərir ki, kadrlar müəssisədən təxminən 400-600 metr məsafədə çəkilib. Bu isə hücumun təsadüfi obyektə yox, konkret sənaye hədəfinə yönəldiyini deməyə əsas verir. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara əsasən, azı dörd PUA zavod ərazisinə zərbə endirib və bundan sonra yanğın qeydə alınıb. Zavod əməkdaşlarının sığınacaqlara göndərilməsi də təhlükənin real olduğunu göstərir.
Perm vilayətinin qubernatoru Dmitri Maxonin hadisəni təsdiqləsə də, açıqlamasında zavodun adını çəkməyib və yalnız vilayət ərazisində “düşmən PUA-larının düşdüyünü” bildirib. Onun sözlərinə görə, ölən və yaralanan olmayıb, mülki əhali üçün təhlükə yaranmayıb. Rusiya Müdafiə Nazirliyi isə səhər saat 7-dən 9-a qədər Perm vilayəti üzərində dörd Ukrayna PUA-sının vurulduğunu açıqlayıb. Lakin bu bəyanatlar zavodda baş verən yanğın və mümkün istehsal zədələri ilə bağlı suallara aydın cavab vermir.
“Metafrax Kemikals” təsadüfi sənaye obyekti deyil. Müəssisə “Metafrax Qrup” kimya holdinqinin əsas zavodudur və metanol, formalin, geksamin, urotropin, pentaeritritol və digər üzvi kimyəvi məhsullar istehsal edir. Bu maddələrin bir hissəsi birbaşa və ya dolayı yolla partlayıcı maddələrin və silah komponentlərinin hazırlanmasında istifadə olunur. Məhz bu səbəbdən şirkət Böyük Britaniya və Avropa Birliyi tərəfindən sanksiya siyahılarına daxil edilib və Rusiya müdafiə sənayesi ilə əlaqəli strukturlar sırasında göstərilir.
Zavodun daha əvvəl də hücuma məruz qalması diqqət çəkir. 2025-ci ilin sentyabrında PUA zərbələri nəticəsində müəssisənin qaz infrastrukturu, istehsal sexlərindən biri və yanğın stansiyası zədələnmişdi. Bu fakt göstərir ki, “Metafrax” artıq birdəfəlik yox, davamlı şəkildə hədəf alınan obyektlər siyahısındadır.
Perm vilayətinin Ukrayna sərhədlərindən min kilometrlərlə uzaqda yerləşməsi Ukraynanın Rusiya ərazisinin dərinliklərində yerləşən enerji, kimya və hərbi-sənaye obyektlərinə yönələn zərbələri müharibənin klassik cəbhə xəttindən çıxaraq istehsal və təminat zəncirinə keçdiyini nümayiş etdirir.
Cavid, BakuPost