Ru
17:08 / 27 İyul 2026

Ukrayna İran gəmisini vurdu: Tehran cavab verəcəkmi?

Ukrayna İran gəmisini vurdu: Tehran cavab verəcəkmi?
Eye

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi İranın Ukraynanın hərəkətlərini cavabsız qoymayacağı bəyanatı ilə çıxış edib.

Eyni zamanda, İranın Rusiyadakı səfiri Kazım Cəlali də bildirib ki, Tehran Xəzər dənizində iranlı dənizçinin ölümünə görə Kiyevdən qisas almaq hüququnu özündə saxlayır.

Qeyd edək ki, iyulun 25-də Ukrayna dronları ilə Xəzər dənizindən Rusiyaya doğru hərəkət edən İran gəmisi vurulub. Nəticədə heyət üzvlərindən biri ölüb.

Siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a bildirib ki, bu bəyanatı ilk növbədə siyasi mesaj kimi qiymətləndirmək lazımdır:

“Düşünürəm ki, İran tərəfi bununla daxili auditoriyaya güc nümayiş etdirmək, qarşı tərəfə xəbərdarlıq göndərmək və dövlətin nüfuzuna toxunan hadisələrə reaksiya verdiyini göstərmək istəyir.

Tehran Ukrayna tərəfindən Xəzər dənizində İranla əlaqəli gəminin hədəfə alınmasını öz suveren maraqlarına qarşı addım kimi təqdim edir. Ukrayna isə həmin obyektin sadəcə ticarət gəmisi olmadığını, Rusiyanın hərbi-logistika imkanları ilə əlaqəli olduğunu iddia edir. Beləliklə, tərəflər hadisəyə tamamilə fərqli prizmadan yanaşırlar”.

İranın Ukraynaya qarşı hansısa cavab addımı atmaq imkanlarına gəldikdə, ekspert nəzəri baxımdan bunu mümkün hesab etdi:

“Lakin İran bunun nələrə gətirib çıxaracağını da yaxşı bilir. Ona görə də Tehran üçün indi əsas məsələ birbaşa müharibəyə daxil olmaq deyil, öz maraqlarına qarşı addımların qarşısını almaq və çəkindirici mesaj verməkdir”.

Müsahibimiz düçünür ki, İranın mümkün cavab tədbirləri ilk növbədə diplomatik və siyasi təzyiq formasında göstərəcək:

“İran beynəlxalq təşkilatlarda məsələni gündəmə gətirə, Ukraynanı beynəlxalq hüququ pozmaqda ittiham edə və Kiyevə qarşı siyasi kampaniya apara bilər. Bu, Tehran üçün ən aşağı riskli cavab variantıdır.

İkinci istiqamət kəşfiyyat və kibersahədə addımlar ola bilər. İranın kiber imkanları regionda tanınır və müxtəlif ölkələrlə qarşıdurmalarda bu vasitələrdən istifadə etdiyi məlumdur. Ukrayna isə artıq uzun müddətdir kiberhücumların əsas hədəflərindən biridir. Lakin belə addımların birbaşa İran tərəfindən həyata keçirildiyini sübut etmək həmişə çətin olur”.

Daha bir ehtimal isə müsahibimizin fikrincə, dolayı təsir vasitələrindən istifadədir:

“İran regionda müxtəlif tərəfdaş və müttəfiq şəbəkələrə malikdir. Lakin Ukraynaya qarşı bu istiqamətdə real addımlar atmaq Tehran üçün ciddi beynəlxalq nəticələr yarada bilər və İranın onsuz da mürəkkəb olan xarici siyasət vəziyyətini daha da çətinləşdirə bilər”.

R. Bayramov birbaşa hərbi cavab ehtimalını isə istisna edir:

“Bunun əsas səbəbi Ukraynanın İran üçün prioritet təhlükə istiqaməti olmamasıdır. Tehran hazırda daha çox Yaxın Şərqdəki təhlükəsizlik məsələlərinə, ABŞ və İsraillə münasibətlərə, eləcə də daxili iqtisadi problemlərə fokuslanıb. Ukrayna ilə açıq qarşıdurmaya daxil olmaq İran üçün əlavə resurs və diplomatik xərc tələb edər”.
Siyasi şərhçi hesab edir ki, İranın bu sərt ritorikasının arxasında Rusiya faktoru da dayanır:

“Moskva və Tehran arasında yaxınlaşma fonunda Ukraynanın İranla bağlı obyektlərə zərbələri Rusiyanın tərəfdaşlarına qarşı təzyiq kimi qəbul edilə bilər. Buna görə də İranın reaksiyası müəyyən mənada Rusiya ilə strateji yaxınlığının nümayişidir.
Ümumiyyətlə isə bu hadisə bir daha göstərir ki, Rusiya–Ukrayna müharibəsi artıq iki ölkə arasındakı qarşıdurmadan çıxıb və artıq təkcə Avropanın deyil, Avrasiyanın da təhlükəsizlik sisteminə təsir edən mürəkkəb geosiyasi prosesə çevrilib”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar