Ru
11:26 / 06 Avqust 2025

Uşaqları şikəst edənlər... - Professor direktor və müəllimləri sərt tənqid etdi

 Uşaqları şikəst edənlər... - Professor direktor və müəllimləri sərt tənqid etdi
Eye

Son vaxtlar fb-də qeydlər aparmaqdan qaçıram. Amma bəzən o qədər maraqlı təəssüratlara rast gəlirsən ki, fb-siz ötüşmürsən... Etibar Əliyevin, Fəxri Uğurlunun, Şahbaz Xuduoğlunun və b. hər birinin özünəməxsus kitab təqdimatları qəlbini, ruhu qidalandırır...

Bu gün rast gəldiyim İlqar Fəhminin Şuşadakı Yazıçılar evi ilə bağlı uşaqlıq xatirələri, o vaxtkı Şuşa mühiti, incə ştrixlərlə mərhum yazıçılarımız İlyas və Elçin Əfəndiyevləri xatirələrdə canlandırması da eyni hissləri yaşatdı...

Dünənki günü nəvələrimizlə mütaliəyə həsr eləmək istədim. Məqsəd onların, həm də özümün ana dilində ifadəli oxu, söz ehtiyatları, nəqletmə bacarığını diaqnoz eləmək idi. Əl altında olan uşaq kitabları, ədəbiyyat dərslikləri ilə işi qurtarıb, saat 14.30-da üz tutduq yaxınlıqdakı Mərkəzi rayon kitabxanasına: darvaza kilidli, qapı bağlı, adam izi belə yox, insan nəfəsi duyulmur...

Dünənki diaqnostik yoxlamadan aldığım qənaət:

1. Əziz ibtidai sinif müəllimləri, sinif rəhbərləri, uşaqları dərs oxumamaqda ittiham edən fənn müəllimləri! Siz dərs dediyiniz uşaqlara yay oxu tapşırığı verib onun icrasına nəzarət edirsizmi? Axı, bunlar sizin şagirdiniz olmaqla yanaşı, həm də müştərinizdi. Niyə həftədə iki-üç dəfə votçap qrupu yaradıb onları telefonla lazımsız ünsiyyətdən uzaq saxlamırsız?

2. Niyə tədris etdiyiniz fənlərlə əlaqəli əyləncəli, düşündürücü, məntiqi əsərləri oxumağa onları təşviq etmirsiz?

3. Hörmətli məktəb direktorları, direktor müavinləri, məktəb kitabxanaçıları, niyə il ərzində və yay tətili üçün bu işlər barədə düşünmürük?

4. Hörmətli səlahiyyət sahibləri, şəhər, kənd, məktəb kitabxanaları yay tətilində açıq olmalıdır ki, analar, nənələr, babalar, hətta atalar uşaqlarla birgə mütaliə etsinlər.

5. Niyə uşaqları telefonla oynadıqlarına görə danlayırıq? Kimdi onları buna alışdıran, buna şərait yaradan, onları fiziki və mənəvi cəhətdən kor və şikəst edən? 6 aylıq, 1 yaşlı uşağı telefonla yedizdirən, öz canına, yaraşığına daha çox vaxt ayıran gənc analar deyilmi?

Laqeyd və hər şeyi dolanışığa bağlayan sinif müəllimləri, sinif rəhbərləri, fənn müəllimləri deyilmi (axı, onlar da valideyndi!)? Məktəbdən, şağird-övladından uzaq düşən əsəbi və məsuliyyətdən uzaq valideynlər deyilmi?

6. Bağçada, məktəbdə tədris proqramları, ailə davranışları çərçivəsində uşaqların və yeniyetmələrin mobil telefonlar, internetlə ünsiyyət, onlardan səmərəli istifadə qaydaları barədə kurslara, dərslərə, söhbətlərə yer verməyin vaxtı çatmayıbmı?

Düşünək, düşünün: övladlarımızı mobil telefonun əsarətindən necə qoruyaq, özümüzə, öz mühitimizə, əxlaq və tərbiyəmizə necə qaytaraq?

Telman Cəfərov, professor

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar