Ru
22:05 / 22 Dekabr 2025

Vəkildən Azərbaycana qarşı provokasiya: Vardanyan işində gerçək hədəf KİMDİR?

Vəkildən Azərbaycana qarşı provokasiya: Vardanyan işində gerçək hədəf KİMDİR?
Eye

Əlövsət Əliyev
Polkovnik

Ruben Vardanyanın müdafiəsini üzərinə götürdüyünü elan edən amerikalı vəkil Jared Genserin Azərbaycanla bağlı müxtəlif çıxışları və müraciətləri ilə tanış oldum. Vəkil bütün müraciətlərində Ruben Vardanyanın xristian inancına mənsub olduğunu xüsusi vurğulayıb, bu faktı beynəlxalq təşkilatların, insan hüquqları qurumlarının və nüfuzlu Qərb KİV-lərinin diqqətinə çatdırmağa çalışıb.

Bu müraciətlərdə Azərbaycan “müsəlman ölkəsi”, Vardanyan isə “xristian erməni” kimi təqdim olunaraq, dəxli olmadan prosesə dini kontekst əlavə edilib. Məqsəd açıq şəkildə beynəlxalq xristian auditoriyasının, xüsusən də Qərb ictimai rəyinin emosional reaksiyasını formalaşdırmaq olub.

Vəkilin bu ritorikası hüquqi arqumentlərdən çox, xristianlıq üzərindən simpatiya yaratmağa hesablanmış addımdır. Beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan müraciətlərdə dini mənsubiyyət faktı əsas xətt kimi qabardılsa da, bu amilin cinayət işinin hüquqi mahiyyəti ilə birbaşa əlaqəsi yoxdur və bu arqumentlər aşağıdakılara görə əsassızdır:

Əvvəla, Ruben Vardanyanın saxlanılması və barəsində aparılan istintaq onun dini inancı ilə bağlı deyil, konkret əməllər və hüquqi ittihamlar çərçivəsində həyata keçirilir. Nə Azərbaycan qanunvericiliyində, nə də istintaq materiallarında dini mənsubiyyət ittihamın elementi kimi nəzərdə tutulmayıb.

İkincisi, dini kimlik yalnız o halda hüquqi əhəmiyyət daşıyır ki, şəxsə qarşı dini zəmində ayrı-seçkilik və ya təqib sübuta yetirilsin. Vardanyan işi üzrə isə onun xristian olduğuna görə saxlanılmasını və ya fərqli rəftara məruz qalmasını təsdiqləyən heç bir obyektiv sübut təqdim edilməyib.

Bundan başqa, Azərbaycan dünyəvi dövlətdir və uzun illər ərzində ölkədə müxtəlif xristian icmaları — pravoslav, katolik, protestant və digər dini icmalar — sərbəst fəaliyyət göstərib. Bu faktın özü yaradılan “hay-küyün” reallığı əks etdirmədiyini göstərir.

Sonuncusu, münaqişə sonrası həssas regionda dini kimliyin qabardılması hüquqi müdafiəyə xidmət etmir, əksinə, etno-dini qarşıdurma təsviri yaradaraq prosesin siyasiləşməsinə və radikallaşmasına zəmin yaradır. Beynəlxalq təcrübə göstərir ki, münaqişələrin dini çərçivəyə salınması onların hüquqi həllini çətinləşdirir və cəmiyyətlərarası gərginliyi artırır.

Fikrimcə, Ruben Vardanyanın xristian olmasının onun həbsi ilə əlaqələndirilməsi hüquqi deyil, siyasi və emosional manipulyasiya xarakteri daşıyır. Bu cür yanaşma nə faktlara, nə beynəlxalq hüquq prinsiplərinə, nə də peşəkar vəkillik etikasına uyğundur. Dini inancın işin mahiyyəti ilə əlaqəsi olmadığı halda qabardılması hüquqi müzakirəni zəiflədir, dinlərarası həssaslığı süni şəkildə alovlandırır

və münaqişənin hüquqi çərçivədən çıxarılmasına xidmət edir.

Əlövsət Əliyev


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar