Son dövrdə Z nəslinin sosial şəbəkələrdə şəxsi həyatını daha az paylaşması və paylaşımları qısa müddət sonra arxivə göndərməsi kimi tendensiyalar müşahidə olunur. Bu dəyişikliklərin gələcəkdə reklam və influenser bazarına da təsir göstərə biləcəyi bildirilir.
Rəqəmsal marketinq mütəxəssisi Vətən Aslanov
“Bakupost”a bildirib ki, Z nəslinin sosial şəbəkələrdə şəxsi həyatını daha az nümayiş etdirməsi və paylaşımları tez bir zamanda arxivləməsi rəqəmsal məkanda köklü dəyişikliyin xəbərçisidir.
“Biz artıq “Kütləvi Nümayiş” erasından “Rəqəmsal Qapalılıq” (“Dark Social”) dövrünə keçirik. Bu tendensiya gələcək reklam və influenser bazarını bir neçə əsas istiqamətdə dəyişir.
Birincisi, ideal həyat nümayiş etdirən klassik influenser modeli Z nəsli üçün inandırıcılığını itirir. Ön plana daha dar, amma səmimi auditoriyası olan mikro və nano-influenserlər, həmçinin filtrlənməmiş, təbii məzmunlar çıxır.
İkincisi, gənclərin açıq şəbəkələrdən qapalı mühitlərə – “Telegram”, “Discord”, “Close Friends” və şəxsi mesajlaşmalara keçməsi ənənəvi reklamların effektivliyini azaldır. Bu, brendlərin imkanlarını tamamilə məhdudlaşdırmır, sadəcə qaydaları dəyişir. Brendlər artıq gənclərə yuxarıdan aşağıya reklam göstərmək əvəzinə, onların daxil olduğu rəqəmsal icmaların və subkulturaların bir hissəsinə çevrilməlidir.
Üçüncüsü, rəqəmsal iz buraxmaqdan çəkinən gənclər üçün müvəqqəti məzmunlar – “Stories” və birbaşa ünsiyyət – daha önəmli cəlbetmə vasitəsinə çevrilir.
Yekun olaraq, Z nəslinin qapanması rəqəmsal marketinqin bitməsi deyil, onun daha etik və yetkin mərhələyə keçməsidir. Gələcəyin reklam strategiyası kütləvi izləməyə deyil, gənclərin rəqəmsal sərhədlərinə hörmət edərək qapalı icmalarda orijinal dəyər yarada bilən brendlərin xeyrinə dəyişəcək”, – deyə Vətən Aslanov bildirib.
Vüsalə Hüseynova,
BakuPost