Ru
23:41 / 27 Sentyabr 2019

Zirədə 24 məktəbli “Robototexnika” kursuna cəlb edilib

2041
Zirə qəsəbəsi N.Yaqubov adına 120 saylı tam orta məktəbdə ödənişsiz “Robototexnika” kurslarının açılışı olub. 24 nəfər şagirdin cəlb olunduğu “Robototexnika” kurslarının təşkilində məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağının artırılması, texnologiya mühəndisliyi ixtisaslarının təbliği, robototexnika mühəndisliyinə marağı olan şagirdlərə robototexnika üzrə prototiplər hazırlanmaq, sınaqlar keçirmək imkanı yaratmaqla bağlı baza bilik və bacarıqlar formalaşdırmaqdır. Kursların açılışında məktəbin direktoru Kamran İsalı, təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Əzizova, layihə rəhbəri Gülnaz Zeynalova, "Mars Academy MMC"-nin direktoru Elnara Nəbiyeva, Təhsil TV-nin əməkdaşları, təlimçi müəllimlər, şagirdlər və onların valideynləri iştirak ediblər.

BakuPost-un məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri Gülnaz Zeynalova bildirib ki, Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində icra edilən layihə 4 ay müddəti əhatə edir: "Layihənin benefiasiarları Zirə qəsəbəsi N.Yaqubov adına 120 saylı və 241 saylı tam orta məktəblərdə təhsil alan şagirdlər olacaq. Ödənişsiz “Robototexnika” kurslarında iştirak üçün 50-yə yaxın müraciət vardı. Aparılan seçim turundan sonra bu sahəyə maraqlı olan 24 nəfər seçildi. Kurslar hər birində 12 nəfər olmaqla iki qrupda aparılacaq. Dərslər həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək".


Keçiriəcək “Robototexnika” kurslarının əhəmiyyəti ilə bağlı danışan N.Yaqubov adına 120 saylı tam orta məktəbin direktoru Kamran İsalı bildirib ki, şəhərətrafı qəsəbələrdə yaşayan robototexnikaya marağı olan istedadlı şagirdlər bu sahədə bilik və bacarılarını artırmaq üçün xeyli əziyyət çəkirdilər: "Onlar müvafiq bilgilər əldə etmək üçün həftədə azı 2-3 dəfə paytaxtın mərkəzində bununla bağlı təşkil olunan kurslara qatılırdı. Bu isə şagirdlərin əlavə maddi xərc çəkməsi ilə yanaşı, həm də gün ərzində azı 3-4 saat yolda vaxt itirmələrinə səbəb olurdu. Məktəbimizdə təşkil olunan ödənişsiz “Robototexnika” kursları həmin şagirdlər üçün çox əhəmiyyətli olacaq. Eyni zamanda layihə çərçivəsində alınan legolardan uzun illər məktəb şagirdləri istifadə edə biləcək".


Daha sonra çıxış edənlər əhəmiyyətli layihəyə dəstək verdikləri üçün Təhsil Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, kurslar Zirə qəsəbəsi 120 nömrəli tam orta məktəbin müəllimi Gülnaz Zeynalovanın Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində icra etdiyi “Robototexnika” laboratoriyasının yaradılması” layihəsi çərçivəsində təşkil olunur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər