Yardımlı rayonunun Alar kəndində dünyaya gələn Gəncəli Qulu oğlu Mirzəyev 100 yaşını tamamlayıb.
"Bakupost" xəbər verir ki, 1926-cı ildə anadan olan Gəncəli Mirzəyevin 100 illik həyat yolu Azərbaycanın kənd həyatının az qala bütöv bir dövrünü əhatə edir.
Tanınmış pedaqoq Aydın Əbilovun Gəncəli baba ilə bağlı qələmə aldığı yazıda onun həyatının maraqlı məqamlarından bəhs edilir.
Gəncəli Mirzəyevin uşaqlıq və gənclik illəri Yardımlının dağ kəndlərindən olan Alarda keçib. Ömrünün həmin dövrü at belində, dağların, meşələrin və bulaqların qoynunda, ağır kənd zəhməti ilə ötüb. Müasir yolların və nəqliyyat vasitələrinin olmadığı həmin illərdə at kənd insanının əsas yol yoldaşı olub.
Dağların sərt təbiəti və kənd həyatının ağır zəhməti onun həyat tərzinin formalaşmasında mühüm rol oynayıb.
100 yaşına çatmasına baxmayaraq, Gəncəli babanın yaddaşı və görmə qabiliyyəti yaşına görə yaxşı vəziyyətdədir. O, uşaqlıq və gənclik illərini, doğma kəndini, həmin dövrün insanlarını və hadisələrini xatırlayır.
1950-ci illərdə Gəncəli Mirzəyev ailəsi ilə birlikdə Yardımlıdan Biləsuvara köçüb. Beləliklə, dağların qoynunda başlayan həyatının növbəti mərhələsi Muğan düzündə davam edib. Doğma Alardan uzaq düşsə də, kənddən gətirdiyi həyat tərzini, zəhmətsevərliyi və el-oba dəyərlərini qoruyub saxlayıb.
Gəncəli baba 10 övlad böyüdüb boya-başa çatdırıb. Bu gün onun 45 nəvəsi, bir o qədər nəticəsi və 2 kötücəsi var. Beləcə, vaxtilə qurduğu ailə ocağı bu gün böyük bir nəslin davam etdiyi ünvana çevrilib.
Maraqlıdır ki, Gəncəli babanın doğulduğu Alar kəndi də uzunömürlü insanları ilə tanınıb. Aydın Əbilovun yazdığına görə, ötən əsrin 50-70-ci illərində bu kiçik dağ kəndində yaşı 100-ü keçmiş 15-20 nəfərin yaşadığı söylənilir.
Aların saf dağ havası, bulaqları, təbii qidaları və insanların hərəkətli həyat tərzi kənddə uzunömürlülüyün mümkün səbəbləri sırasında göstərilir. O dövrdə insanlar günün böyük hissəsini fiziki əməklə keçirir, torpaqla işləyir və əsasən özlərinin yetişdirdiyi məhsullarla qidalanırdılar.
Gəncəli Mirzəyevin həyat hekayəsi həm də son 100 ildə kənd insanının həyatında baş verən böyük dəyişikliklərin canlı şahidliyidir. O, atın əsas nəqliyyat vasitəsi olduğu, dağ kəndlərinin xarici dünya ilə əlaqəsinin çətin qurulduğu bir dövrdə dünyaya gəlib. Bu gün isə tamam başqa – texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir zamanda yaşayır.
1926-cı ildə Aların dağları arasında başlayan bu yolun üstündən düz 100 il keçir. Zaman kəndləri, yolları, yaşayış tərzini dəyişib. Gəncəli babanın yaddaşında isə bir əsr əvvəlki Aların cığırları, bulaqları və insanları hələ də yaşayır.
Elnur, BakuPost