Nitq qüsuru olan uşağa məşğələ zamanı fiziki şiddət göstərildiyi iddia olunur.
Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda təlimçinin uşağa danışmağı öyrədərkən onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdiyi görünür.
Məlumata görə, Ceyran adlı təlimçi uşağın nitqində əldə olunan nəticəni valideyninə göstərmək məqsədilə məşğələ prosesini telefonla lentə alıb. Lakin o, uşağa şiddət göstərdiyi hissəni videodan çıxarmağı unudub və görüntüləri olduğu kimi valideynə göndərib.
Hadisənin Şirvan şəhərində fəaliyyət göstərən mərkəzlərdən birində baş verdiyi bildirilir.
Qeyd edək ki, Ceyran adlı təlimçinin əvvəllər “Qüsursuz Nitq və Psixologiya Mərkəzi”ndə çalışdığı bildirilir. Mərkəzin rəhbəri Esmira Qafarova açıqlamasında həmin şəxsin təxminən il yarım əvvəl işdən ayrıldığını və hazırda mərkəzlə heç bir əlaqəsinin olmadığını bildirib.
Faktla bağlı məlumat və görüntülər polisə təqdim olunub. Araşdırma aparılır.
Gülsüm Baxşəliyeva,
Bakupost.az