Qazaxıstanlı milyarder, “Freedom Holding Corp.”un ($FRHC) təsisçisi və baş direktoru Timur Turlov ölkənin iri taxıl istehsalçılarından birinin nəzarət paketini 300 milyon dollara almağa razılaşıb.
"Bakupost" Banker.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim edilmiş sənəddə bildirilir.
Noyabrın 5-də əldə edilmiş ilkin razılaşmaya əsasən, Turlova məxsus “Turlov Private Holding Ltd.” şirkəti “Ak Zhayik Capital”ın ən azı 51%-lik payını 300 milyon dollara alacaq. Satıcı qazaxıstanlı iş adamı Baxtiyar Ospanovdur.
Sövdələşmənin ödənişi “Freedom Holding Corp.”un səhmləri vasitəsilə həyata keçiriləcək. Turlov səhmləri 2026 və 2027-ci illərdə iki tranşla satıcıya ötürəcək. Ospanov isə onları bazarda sataraq vəsait əldə edəcək. Satışdan əldə olunan məbləğ 300 milyon dollardan az olarsa, fərq nağd şəkildə ödəniləcək.
Razılaşmaya əsasən, satıcı 2026-cı ilin sonunadək ən azı 270 milyon dollar, qalan 30 milyon dolları isə 2027-ci ilin martınadək əldə etməlidir.
“Ak Zhayik Capital” Qazaxıstanın Taxıl Konsorsiumunun 99%-nə sahibdir. Holdinqin tərkibinə 22 kənd təsərrüfatı müəssisəsi və altı taxıl elevatoru daxildir. Şirkətin torpaq fondu təxminən 910 min hektar, əkin sahələri 350 min hektardır. İllik istehsal həcmi 500 min tonu ötür.
Sövdələşmədən sonra qalan 49%-lik payın “Baiterek” dövlət holdinqinin strukturu ilə əlaqəli “Kokzhiyek Fund LP”də qalması nəzərdə tutulur.
Qeyd edək ki, satınalmanı birbaşa “Freedom Holding Corp.” deyil, Turlovun şəxsi investisiya şirkəti həyata keçirəcək. Sövdələşmə hələ yekunlaşmayıb və son müqavilələrin imzalanmasından asılıdır.