Binəqədi şossesində günlərdir davam edən qazıntı işləri sakinləri boğaza yığıb.
"Bakupost"a müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə demək olar ki, hər həftə yol qazılır, nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bu isə kilometrlərlə uzanan tıxaclara səbəb olur. Nəticədə həm şəxsi avtomobillərin sürücüləri, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər yolda xeyli vaxt itirir, işə və dərsə gecikirlər.
"Bəlkə heç Allah da bilmir ki, bu işlər nə zaman bitəcək. Yolun yaxınlığında yeni binalar tikilib. Həmin binaların ərazisində hər həftə kanalizasiya daşır. Problemi aradan qaldırmaq üçün yolu qazıb bağlayırlar. Tıxacın bir ucu Mehdiabad yoluna qədər uzanır. Beləcə avtobuslar gecikir, insanlar tıxacda qalır. Üstəlik, işlərə günorta saatlarında başlanılır. Təbii ki, burada insan amili, məsuliyyətsizlik də var", - deyə narazı vətəndaşlardan biri bildirib.
Məsələ ilə bağlı
"Bakupost"un sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda magistral tullantı su xəttinin istismar müddəti bitmiş hissəsi yeni boru ilə əvəz olunur.
Qurumdan qeyd edilib ki, hazırda təmir-bərpa işləri mütəmadi və intensiv şəkildə davam etdirilir. İşlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.
Lalə Novruz, BakuPost