“Hərbçilərin mənizllə təmin olunması üçün büdcədən ayrılan 30 milyon manat olduqca kiçik vəsaitdir. Bizim hərbçilər onsuz da yaşa dolurlar, bəziləri hətta övladlarını evləndirir, ərə verir. Amma onlar illərlə mənzil almaq üçün gözləyirlər”.
"Bakupost" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin birgə komitələrin iclasında büdcə müzakirəsi zamanı deyib.
Q.Həsənquliyev bu əsasda hərbçilərə mənzil əvəzinə pul verilməsini təklif edib.
Hərbi ekspert Ədalət Verdiyev
“Bakupost”a bildirib ki, deputatın hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının ödənilməsi təklifi məqsədəuyğundur:
“Bu, ehtiyata buraxılan hərbçilərin uzun illər ərzində dövlət büdcəsindən kirayə əvəzində kompensasiya alması və mənzil növbəsində olmalarının qarşısını ala bilər. Digər tərəfdən, bu vətəndaşların istədiyi ərazidən, istədiyi miqyasda ev almaları ilə nəticələnə bilər”.
Ekspert xatırladıb ki, bəzi hərbçilər valideynlərilə birgə yaşayırlar:
“Belə olan halda vətəndaşın mənzil əvəzinə aldığı kompensasiyanı real biznes fəaliyyətinə yönəltməsinə şərait yaratmaq da mümkündür. Təhlükəsizlik və müdafiə xərclərimiz hər il artır. Belədə, hərbçilərimizin uzun müddət dövlətdən ev kirayəsi almasının qarşısını almaq və onları mənzil növbəsində gözlətmək əvəzinə, dərhal kompensasiya ödəməklə, bir çox problemlərini həll etmiş olarıq”.
Hərbi ekspert İbrahim Rüstəmli deyir ki, hərbçilərin hər şeydən çox sosial müdafiəyə ehtiyacları var:
“Hərbçinin xidmət dövründə dəfələrlə yaşayış yerini dəyişdiyini nəzərə alsaq, bütün bunların əsas səbəbi ilk növbədə evsizliklə bağlıdır. Zabitin arzuladığı məkanda evi olsa, onun ailəsi də oturuşmuş şəkildə qalar. Əsasən də daimi yaşayış yeri, mənzili olmayan hərbçilər daha çox ailələrini bu hərbi hissədən digər hərbi hissəyə daşımalı olurlar”.
İ.Rüstəmli qeyd edir ki, hərbçilərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son dövrlər mühüm işlər görülüb və bu addımlar keçən əsrin 90-cı illərindən üzü bəri ordu quruculuğu sahəsində həyata keçirilən ən böyük tədbirlərdən biridir:
“Sovet dövründə hər hansı mənzil tikinti kombinatı tikdikləri mənzillərin 10 faizini hərbçilərə ayırırdı. İndiki halda da fikrimcə, bu hərbçinin mənzillə təminatında daha yaxşı variantdır. İndi də özəl qurumlar tərəfindən tikilən evlərdən müəyyən faiz hərbçilərə ayrılmalı və onun pulunu da dövlət mərhələli şəkildə ödəməlidir”.
Bununla yanaşı, müsahibimiz ev əvəzinə, hərbçilərə pul kompensasiyası verilməsini də dəstəkləyir:
“Hərbçilərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atılan hər bir addım təqdirəlayiqdir”.
Rüfət Sultan,
BakuPost