Bir sıra ölkələr dövlət qurumlarına yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil alan şəxslərə üstünlük verir.
Artıq Çin də bu yolu tutmağa başlayıb.
"Bakupost" xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, əvvəllər xaricdə təhsil alaraq ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilirdisə, hazırda yanaşma dəyişib. Dəyişən yanaşmaya görə, bundan sonra dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çində təhsil almış məzunlar təyin olunacaq.
Azərbaycanda yüksək vəzifəyə təyin olunanlar arasında xaricdə təhsil alanlar xüsusi çəkiyə malikdir. Nazirlər Kabineti, komitə və agentlik rəhbərlərinin rəsmi tərcümeyi-hallarına əsasən demək olar ki, bu göstərici təxminən 35–45% aralığında dəyişir. Xüsusilə son illərdə təyin olunan gənc və texnokrat kadrlar arasında Qərb universitetlərinin məzunları üstünlük təşkil edir.
Bu əsasda Çinin atdığı addımın artıq Azərbaycanda da tətbiqinə ehtiyac varmı?
Hüquqşünas Qulamhüseyn Əlibəyli
“Bakupost”a bildirib ki, Çinin atdığı bu addım ölkədə təhsil sisteminin inkişafının nəticəsidir:
“Çinin təhsil sistemi artıq dünyanın qabaqcıl təhsil sistemlərindən biridir. Ona görə də Pekin dövlət vəzifələrinə təyinat zamanı artıq ölkə daxilində təhsil alanlara üstünlük verəcək. Çin hesab edir ki, ölkələrinin təhsil sistemi kifayət qədər savadlı kadrlar yetişdirməyə imkan verir”.
Azərbaycana gəldikdə, müsahibimiz hesab edir ki, xaricdə təhsil almaq, əcnəbi dil bilmək hələ Azərbaycan reallığını dərk etmək üçün kifayət etmir:
“Azərbaycanda isə son illər dövlət idarələrində vəzifələrin tutulması zamanı daha çox xaricdə təhsil alanlara üstünlük verilir. Ona görə də tez-tez müəyyən səhvlər, yanlışlıqlar meydana çıxır”.
Ekspert qeyd edir ki, Azərbaycanda da yerli ali təhsil ocaqlarını bitirənlər dövlət idarələrində üstün vəzifə tutmaq hüququna malik olmalıdırlar:
“Buna normal yanaşmaq lazımdır. Çünki daxildə təhsil alan yerli şəraiti, yerli qanunvericiliyi daha yaxşı bilir. Ona görə də Azərbaycanda da vəzifələrə təyin edilərkən, məhz daxildə təhsil alanlara üstünlük verilməlidir”.
Rüfət Sultan,
BakuPost