2024-cü ildəki dəyişiklikdən sonra ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikası (KXDR) öz konstitusiyasının yenilənmiş versiyasını Nenara (Mənim Ölkəm) dövlət xəbər portalında dərc edib.
“Bakupost” xəbər verir ki, yenilənmiş versiyada ilk dəfədir Cənubi Koreya cənubda KXDR ilə həmsərhəd olan ayrı bir dövlət kimi tanınır. Konstitusiyanın 2-ci maddəsində deyilir:
"Koreya Xalq Demokratik Respublikasının ərazisi şimalda Çin Xalq Respublikası və Rusiya Federasiyası, cənubda isə Koreya Respublikası ilə həmsərhəd olan ərazini, eləcə də orada müəyyən edilmiş ərazi sularını və hava məkanını əhatə edir".
Halbuki əsas qanunun əvvəlki versiyasında Koreya yarımadasının birləşdirilməsi ilə bağlı müddəalar əks olunmuşdu.
Yenilənmiş versiyaya görə isə KXDR konstitusiyası Koreya Respublikasını açıq şəkildə qonşu dövlət kimi tanıyır. Bundan əlavə, sənəddə Cənubi Koreyanı birbaşa "bir nömrəli düşmən dövləti" və ya "dəyişməz əsas düşmən" kimi müəyyən edən heç bir müddəa yoxdur.
Olmaya KXDR əvvəlki aqressiv siyasətindən əl çəkir?
Siyasi şərhçi Azər Qasımov
“Bakupost”a bildirib ki, dünyada bir çox dövlətlərin xüsusi iddiaları olur:
“Bunun üçün süni gərginlikdən tutmuş, müharibələrə qədər gedən proseslər müşahidə olunur. Məqsədlərə çatıldıqdan sonra isə artıq gərginlik yox, əməkdaşlıq, sülh yolu tutulur. Buna misal kimi Azərbaycan və Ermənistan arasında davam edən prosesləri nümunə gətirmək olar”.
Müsahibimiz hesab edir ki, KXDR-in Cənubi Koreyaya münasibətdə sərgilədiyi yeni mövqe Pxenyanın nüvə silahına sahib olması ilə bağlıdır:
“KXDR uzun illər nüvə silahına malik olmaq üçün az qala bütün güclərlə, o cümlədən Cənubi Koreya ilə müharibə vəziyyətində olub. Bu proses indi də səngiməyib. Nüvə silahına sahib olduqdan sonra isə artıq Pxenyan üçün ümumən təhlükəsizlik məsələsi həll olunduğundan, görünən odur ki, qonşularla gərginliyə ehtiyac qalmır”.
Bu əsasda ekspertin sözlərinə görə, bundan sonra KXDR-in ətraf ölkələrə qarşı siyasətinin mülayimləşəcəyini müşahidə edəcəyik:
“Konstitusiya dəyişikliyi də buna misaldır. Hesab edirəm ki, KXDR bu siyasətlə Cənubi Koreya, ABŞ və Yaponiyaya sülh mesajı verir”.
Rüfət Sultan,
BakuPost