Ru
13:41 / 12 Noyabr 2026

"Liv Bona Dea" ilə Nigar Köçərlinin məhkəməsi nə yerdə qaldı? - Açıqlandı

"Liv Bona Dea" ilə Nigar Köçərlinin məhkəməsi nə yerdə qaldı? -  Açıqlandı
Eye

"Liv Bona Dea" Hospital ilə "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli arasında məhkəmə çəkişməsi davam edir.


"Bakupost"un məlumatına görə, növbəti iclas sabah saat 10:00-da Nəsimi Rayon Məhkəməsində keçiriləcək.

Nigar Köçərli sosial şəbəkədə ona ünvanlanan sualları cavablandıraraq məhkəmə prosesinin gedişi və yaşadıqları barədə danışıb. Bildirib ki, bu il yanvarın 14-də əməliyyat olunduğu klinikada ona anesteziya gec verilib, ayılma otağında isə kobud rəftarla üzləşib:

"Yara olan nahiyəyə qab çırpıldı. Təxminən iki saat yalvarıb, xahiş etdikdən və əlavə ödənişə təsdiq alandan sonra nəhayət, anesteziya verildi. Üstəlik, yoldaşıma altı saat ərzində mənim vəziyyətimlə bağlı aydın məlumat verilmədi. Palataya köçürüldükdən sonra dərhal baş tibb bacısı Miyase Pıçakçıya və administrasiya nümayəndəsinə şikayətimizi bildirdik. Araşdırıb bizə geri dönüş edəcəklərinə söz versələr də, klinikada qaldığım üç gün ərzində dəfələrlə müraciət etməyimə baxmayaraq, şikayətimizə baxılmadı. Klinikadan çıxdıqdan sonra yaşadıqlarımı və təəssüratlarımı paylaşdım. Nəticədə klinika məni məhkəməyə verdi və 223 000 AZN təzminat tələb edir".

N. Köçərli qeyd edib ki, onların klinikadan heç bir maddi təzminat tələbi olmayıb, sadəcə suallarına cavab və üzrxahlıq gözləyiblər.

"Əslində, bütün bu məsələni 10 dəqiqə ərzində həll etmək olardı. Bunun üçün sadəcə suallarımıza cavab vermək və quru üzrxahlıq etmək kifayət idi. Bunun əvəzinə təhqirlər, aqressiya və hədə-qorxu ilə üzləşdik. Baş həkim Cabir Gülmalıyev Şahbaz bəyə zəng edərək məsələni izah etmək əvəzinə onunla çox kobud danışıb. Aylarla davam edən məhkəmə prosesində isə klinikanın baş meneceri Taner Özbek və vəkilləri tərəfindən dəfələrlə təhqir olunduğumu yazmışdım. Məhkəmə klinikadan video görüntüləri tələb etsə də, klinika gah "videokameralarımız yoxdur", gah da "görüntülər var idi, amma silinib" kimi cavablar verir. Hətta Taner Özbek bildirdi ki, video görüntüləri özü izləyib və qeyri-adi heç nə baş vermədiyinə görə videonu yaddaşda saxlamayıb. Halbuki klinika məhkəməyə statusumdakı hadisələrə aid olmayan yerlərdən bir neçə video təqdim edib və bu videolarda da heç nə baş vermir. Vacib sənədlər də müəmmalı şəkildə yoxa çıxıb.
İndi əvvəlkindən daha yaxşıyam. Məhkəmə fasiləsi ərzində özümə gəlmək imkanım oldu. Amma yanvar ayından bu günə qədər yaşadığım ədalətsizlik və əzablarla necə barışım? Əməliyyatdan sonra tikiş yerinin sağalmaması, yaşadığım psixoloji travma, qəbul etdiyim güclü antidepressantlar onsuz da məni çox çətin vəziyyətə salmışdı. Üstəlik məhkəmədə üzləşdiyim təhqirlər, təzyiqlər manipulyasiyalar, şəxsi həyatımın lağa qoyulması və hamının qarşısında mənə "yalançı" deyilməsi vəziyyətimi daha da ağırlaşdırdı. Bundan əvvəl həyatımda heç vaxt belə ağır psixoloji vəziyyətdə olmamışdım. Güclü antidepressantlar bəzən məni keyləşmiş vəziyyətə salırdı. Elə günlər olub ki, evə qapanmış, heç yerə çıxmaq istəməmişəm. Dərmanların təsiri ilə səhhətimdə başqa problemlər də yarandı. Hazırda onları da həll etməyə çalışıram. Terapiyam hələ də davam edir", - deyə N.Köçərli bildirib.

Xatırladaq ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli 2026-cı ilin 14 yanvar tarixində "Liv Bona Dea" xəstəxanasında əməliyyat olunduğunu, anestesiyanın çox gec verilməsi və tibb personalının kobud rəftarından fiziki və mənəvi zərbə aldığını bildirir. N. Köçərli xəstəxanada olduğu 3 gün ərzində dəfələrlə şikayət etsə də, xəstəxana rəhbərliyinin onun şikayətlərinə baxmadığını deyir. Xəstəxanada baş verənlərlə bağlı şəxsi sosial şəbəkə hesablarında paylaşım etdikdən sonra "Liv Bona Dea" N. Köçərlinin xəstəxananın işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək onu məhkəməyə verib və 222 000 manat təzminat tələb edir.

Lalə Novruz, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar