Türkiyəli bloger və səyyah Hamdi İxtiyar Ermənistanın Baş naziri Nikol Paşinyanla maraqlı söhbətini paylaşıb.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, dialoq zamanı səmimi anlar yaşanıb, eyni zamanda regional əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.
Özəlliklə, Nikol Paşinyanın fonda səslənən türk mahnısı ilə maraqlanması diqqət çəkib.
Belə ki, o, musiqinin siyasi məqsəd daşıyıb-daşımadığını soruşub.
Hamdi İhtiyar isə bunun Türkiyənin məşhur ulduzu Tarkanın “Kiss Kiss” mahnısı olduğunu deyib, ardınca ifaçını tanıyıb-tanımadığını sorğulayıb. Paşinyan isə qarşılığında, “Əlbəttə, tanıyıram”, – deyə bildirib.
Daha sonra tərəflər qardaşlıq və sülh mesajları veriblər. Belə ki, Hamdi İxtiyar Türkiyə ilə Ermənistan arasında yaxşı münasibətlərin qurulduğunu və bundan məmnunluq duyduğunu qeyd edərək, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyənin bölgədə birgə fəaliyyət göstərməsinin bütün xalqların xeyrinə olacağını vurğulayıb.
Nikol Paşinyan da əməkdaşlıq, sülh və rifah istiqamətində işləməyin vacibliyini qeyd edərək, hazırda bu yolda irəlilədiklərini bildirib.
Dialoqun sonunda Hamdi İxtiyar zarafatla COP31-in simvolu olan “Karetta-karetta” tısbağasını Paşinyana göstərib və söhbət xoş ab-havada başa çatıb.