Ru
17:44 / 12 Noyabr 2026

İran-ABŞ savaşında Çin vasitəçiliyi: Qazanan kim olacaq?

İran-ABŞ savaşında Çin vasitəçiliyi: Qazanan kim olacaq?
Eye

Tehran Yaxın Şərqdəki münaqişələrin həlli və vəziyyəti sabitləşdirmək üçün Çinin vasitəçiliyində maraqlıdır.

“Bakupost” xəbər verir ki, müvafiq açıqlama ilə İran Parlamentinin (Məclis) sədri, eyni zamanda İslam Respublikasının Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Bağır Qalibaf çıxış edib.

O, əvvəllər İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşdırılmasına kömək edən Çin diplomatiyasının uğurlu təcrübəsini regiondakı mövcud çətinliklərə tətbiq etməyi təklif edib.

Çinin vasitəçiliyi münaqişənin həllində hansısa bir rol oynaya biləcəkmi?

Siyasi şərhçi Ramiyyə Məmmədova “Bakupost”a bildirib ki, Pekin bu məsələdə daha praqmatik ölkə təsiri bağışlayır:

“Tehrandan aldığı enerji resursları ilə Çin hazırda İranın ayaqda durmasına ciddi dəstək verir. Eyni zamanda, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasında Çinin oynadığı rol da İranda Pekinlə bağlı bir güvən yaradıb”.

Ekspertin sözlərinə görə, Çinin balanslaşdırılmış siyasət yürütməsi də onu vasitəçi rolunda cəlbedici edir:

“Çinin dünya siyasətində rolu böyükdür. Onun dünya iqtisadiyyatında rolu isə ikiqat artıqdır. Pekin habelə Qərbdən və Amerikadan fərqli olaraq hər bir ölkə ilə normal balanslaşdırılmış siyasət yürüdür. Pekin Amerika və Qərbdən fərqli olaraq öz siyasətini güc yolu, kimisə nəyəsə məcbur etməklə həyata keçirmir”.

Bununla yanaşı, müsahibimiz Çin nə qədər praqmatik hərəkət etsə də belə, Yaxın Şərqdəki münaqişənin bitirilməsində heç nə edə bilməyəcəyi qənaətindədir:

“Çünki Pekinin Qərbə iqtisadi baxımdan mühüm təsiri olsa da, diplomatik müstəvidə təsiri o qədər də yoxdur. Ona görə də münaqişənin dayandırılması Çinin əlində olan məsələ deyil. Yəni Pekin regiondakı münaqişənin zəifləməsinə iqtisadi baxımdan dəstək verə bilər. Amma İranla ABŞ arasındakı münaqişənin tam bitməsinə diplomatik və siyasi baxımdan heç bir təsir göstərə bilməyəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar