Azərbaycanda aylıq gəliri 1000 manat olan, lakin 700 manat kredit ödənişi edən şəxs başqa bir kreditə zamin dura bilməyəcək. Yeni qaydalara əsasən, istehlak kreditləri üzrə zaminin borcunun gəlirinə nisbəti 70%-i keçməməlidir. Nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlardan isə banklara satış portfelləri barədə daha ətraflı hesabat təqdim etmək tələb olunur.
Bank və maliyyə eksperti Əkrəm Həsənov
“Bakupost”a bildirib ki, bu dəyişikliklərin əsas məqsədi problemli kreditlərin artmasının və insanların həddindən artıq borclanmasının qarşısını almaqdır.
O deyib ki, kredit ödənilmədiyi halda borcun ödənilməsi zaminin üzərinə düşə bilər. Lakin özünün də gəlirinin böyük hissəsini kredit ödənişlərinə ayıran şəxsin bu öhdəliyi yerinə yetirməsi çətin olacaq.
Ekspert qeyd edib ki, hazırda bir neçə şəxsə zamin duran, eyni zamanda özünün də kredit borcu olan vətəndaşlar var. Belə şəxslər bəzən üzərlərinə götürdükləri öhdəliklərin heç birini ödəyə bilmirlər. Bu da nəticədə problemli kreditlərin sayının artmasına səbəb olur.
Ə.Həsənov nisyə satış portfellərinə nəzarətin gücləndirilməsinin də vacib olduğunu bildirib. Onun sözlərinə görə, yeni tələblər çərçivəsində banklar nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlardan daha düzgün, açıq və şəffaf hesabat tələb etməli olacaqlar.
Ekspert bildirib ki, həmin şirkətlər satış portfelləri barədə lazımi məlumatları təqdim etmədikdə banklar bu portfellər üzrə daha çox ehtiyat yaratmalı ola bilərlər. Bu isə banklar üçün əlavə maliyyə yükü deməkdir və onların marağında deyil.
Ə.Həsənovun fikrincə, Mərkəzi Bank ümumilikdə kredit siyasətini sərtləşdirməklə bank sektorunda problemli kreditlərin artmasının qarşısını almağa çalışır.
Vüsalə Hüseynova,
BakuPost