Ru
14:00 / 21 İyul 2021

16 yaşlı qızın nişanlanmasının qarşısı alındı - YENİLƏNİB

16 yaşlı qızın nişanlanmasının qarşısı alındı -  YENİLƏNİB
Eye

Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.


Bakupost.az -ın məlumtına görə, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-nın cənub bürosuna bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.

Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və onun valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.


Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu APA-ya bildirib ki, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.


T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.


***

12:24


Sosial şəbəkədə Astarada 16 yaşlı qızla 30 yaşlı oğlanın nişanlanması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.


Belə ki, bu gün saat 14:00-da gözlənilən nişan mərasimi ilə bağlı oğlan evi açıqlama verib.


Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə barədə məlumat verən 1991-ci il təvəllüdlü İsmayıl Yusifovun bacısı Vüsalə İbrahimova yayılan söz-söhbətlərin yalan olduğunu deyib:


“Biz heç bir nişan etməmişik. Rayon yerində qızı istəyənlər çox olur. Qardaşımla Sumayyə bir-birini istəyib. Hər ikisi də öz ailələrinə məlumat verib. Mən də bacı kimi ötən ilin oktyabr-dekabr ayları ərəfəsində tort bişirib qız evinə qonaq getmişəm.


Bildirmişəm ki, biz sizin qızınızı istəyirik. Ailə də razılaşıb. Qızın “həri”sini almışıq. Qızın 16 yaşı, oğlanın 30 yaşı var. Yaşının tamam olmasını gözləyirik. Ailəsi razılaşsa, 18 yaşında toyumuzu edib, qızımızı evimizə gətirəcəyik. Bu gün nə nişan edirik, nə də toy. Elə yazırlar ki, qızı elə bil 50 yaşında kişiyə verirlər. Belə söhbətlər etmək lazım deyil. Yayılan tort şəkli isə qız evi ilə tanışlığa gedən zaman aparılan tortun şəklidir, kimsə internetdə paylaşıb”.


V.İbrahimova bu məsələdə bilib-bilmədən danışan, yanlış məlumat yayan insanlara da səslənib:


“Xahiş edirəm ki, qardaşım barədə işin nə olduğunu bilməyən insanlar fikir bildirməsin. Bu qədər söz-söhbət yaymaqdansa, əlaqə nömrəmizi tapıb, soruşmaq olardı. Bu, xoşagələn hərəkət deyil, evimizdə yaşlı insanlar var. Bu söhbətlərə görə narahat olublar”.


***

10:29


Astara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.


Bakupost.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, nişan bu gün saat 14:00-da Astara rayonunun Rüdəkənar kəndində baş tutacaq: “Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur. Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar